...

Parlament Ali Məhkəməyə və regional apellyasiya məhkəmələrinə hakimlərin təyin olunması məsələsinə baxacaq

Siyasət Materials 14 İyun 2007 15:58 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir İ.Əlizadə/ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyasının cümə axşamı keçirilən iclasında Ali Məhkəməyə və regional apellyasiya məhkəmələrinə hakimlərin təyin olunması məsələsi müzakirə olunub.

İclasda vəzifəyə təyin olunacaq hakimlər də iştirak edib.

Komissiyanın sədri Əli Hüseynov qeyd edib ki, prezident İlham Əliyev Ali Məhkəməyə, yeni yaradılan Bakı, Gəncə, Sumqayıt, Əli Bayramlı, Şəki apellyasiya məhkəmələrinə hakimlərin təyinatının təsdiq olunmasını nəzərdə tutan layihəni parlamentə göndərib.

O vurğulayıb ki, son illər Azərbaycanda məhkəmə-hüquq sahəsində islahatlar həyata keçirilib və bu prosesin bir hissəsi yekunlaşıb: "Buna baxmayaraq, məhkəmələrin fəaliyyətində bir sıra hallarda mənfi hallara rast gəlinir. Bir çox məhkəmələr korrupsiya və süründürməçilik hallarına yol verirlər". Komissiya sədri deyib ki, hakimlərin ədalətsiz qərarlar qəbul etməsinin obyektiv və subyektiv səbəbləri onlara yaxşı məlumdur.

Komissiya sədri bildirib ki, Ali Məhkəmə və regional apellyasiya məhkəmələrinə hakimlərin təyin olunması məsələsi iyunun 16-da Milli Məclisdə müzakirə olunacaq. Onun sözlərinə görə, Ali Məhkəmə və regional apellyasiya məhkəmələrinə təyin olunacaq hakimlər Azərbaycanın hakim korpusunun yalnız 60 faizini təşkil edir: "Vakant hakim yerlərinin doldurulması üçün Məhkəmə Hüquq Şurası və Hakimlərin Seçki Komitəsi fəaliyyətini davam etdirəcək".

Deputat Qüdrət Həsənquliyev isə bildirib ki, bəzi hakimlər Azərbaycan məhkəmələrini bazara çeviriblər. Deputat iddia edir ki, bəzi hakimlər işlərə baxarkən kim çox pul versə, onun xeyrinə qərar qəbul edir: "Bundan başqa, haqqında ciddi intizam qərarı qəbul olunan hakimlər sonradan daha yüksək vəzifəyə irəli çəkilirlər. Bu isə yolverilməz haldır".

Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev isə qeyd edib ki, son illər Azərbaycanda məhkəmə-hüquq sahəsində böyük islahatlar həyata keçirilib. Onun fikrincə, bunun nəticəsində Azərbaycanda peşəkar hakim korpusu formalaşıb: "Buna baxmayaraq, hakimlər arasında qeyri-peşəkarlar və mənəvi keyfiyyətləri aşağı olanlar da var. Biz onlardan yaxa qurtarmağa çalışırıq. Lakin bu, çox çətin işdir".

Komissiyanın iclasında həmçinin Ali, Apellyasiya və İqtisad məhkəmələrinin hakimlərinin vəzifədən azad olunması məsələsi müzakirə edilib. Sonda hakimlərin təyinatı və vəzifələrindən azad olunmasını nəzərdə tutan layihənin iyunun 16-da Milli Məclisin iclasında müzakirəyə çıxarılması qərara alınıb.

Xəbər lenti

Xəbər lenti