...

İsrafil Əliyev: "Təhlillər göstərir ki, həm həbs olunanlar, həm də narkomanlar arasında ümumi rəqəmin 70 faizi gənclərdir"

Siyasət Materials 25 İyun 2007 12:13 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K.Zərbalıyeva/ Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi qrupunun sədri İsrafil Əliyevin Trend ə müsahibəsi

- Respublikamızda narkotiklərin qanunsuz dövriyyəsi, narkomaniya problemi hazırda hansı səviyyədədir? Bu gün qeyd olunan problemlərlə bağlı ölkədəki vəziyyəti kritik hesab etmək olarmı?

- BMT və digər qurumların hesabatlarında respublikamızın ərazisinin beynəlxalq narkoişbazlar tərəfindən hədəf seçildiyi göstərilir. Hətta deyilir ki, ərazimizdən 37 marşrut keçir. Mən bunların çoxunu uydurma saydığımdan həmin rəqəmi təsdiqləyə bilmərəm. ABŞ-ın Dövlət Departamentinin hesabatlarında Azərbaycanda 19 minə yaxın qeydiyyatdan keçmiş narkomanın olduğu və bu göstəricini 27-yə vurmaq lazım olduğu bildirilir. Bu rəqəmləri hardan götürdüklərini bilmirəm. Biz rəsmi statistikaya istinad edirik. Statistik məlumatlara görə, Azərbaycanda qeydiyyatda olan narkomanlar 19 minə yaxındır. Bəlkə də bu rəqəm həqiqətən çoxdur. Amma bu rəqəmin 27-yə vurulması fikri ilə razı deyiləm. Beynəlxalq narkoişbazlar Azərbaycan ərazisini Balkan hadisələrindən sonra özlərinə marşrut seçiblər. Çünki əvvəllər narkotiklər Əfqanıstan-İrandan Amerika və Avropaya ötürülürdü. Balkan hadisələrindən sonra orada koalisiya qoşunları yerləşdirildiyindən narkoişbazlar üçün həmin ərazidən tranzit kimi istifadə olunması çətinləşib. Narkoişbazlar isə öz narkotiklərini itirməmək üçün rahat yol axtarırlar. Bizim ərazimizi də qaçaqmalçılıq yolu kimi istifadə edirlər. Biz artıq müstəqilliyimizin ilk illərini yaşamırıq. Sərhədlərimizin mühafizəsi günbəgün güclənir. Biz narkotiklərin ölkəmizin ərazisindən istifadə edilməklə daşınmasının müəyyən qədər qarşısını almışıq.

Narkoişbazlar ərazimizdə sərbəst hərəkət edə bilmir. İyunun 26-da qanunsuz dövriyyədən çıxarılmış və məhkəmə hökmü ilə müsadirə olunmuş 300 kq-dan artıq narkotik vasitə məhv ediləcək. Müsadirə olunmuş narkotiklərin qara bazar qiymətləri 106 milyon dollardır. Dünyanın ninkişaf etmiş dövlətləri belə narkotiklərin qanunsuz dövriyyəsinin qarşısını tam kəsə bilmir. Respublikamızın ərazisindən tranzit kimi istifadə olunmasının təbii səbəbləri də var. Ərazimizdən qədim İpək Yolu keçir. Bu yolla Avropadan Asiyaya və Asiyadan Avropaya çox böyük həcmdə müxtəlif mallar daşınır. Narkoişbazlar bu yoldan da istifadə edirlər. Neft çənlərində narkotiklər keçirilə bilər. Həmin çənlərlə narkotiklərin daşınmasına nəzarət etmək mümkün deyil. Bu sahədə mübarizənin səmərəli olması üçün bizə müasir texniki vasitələr verilməsi üçün beynəlxalq təşkilatlara müraciət etmişik. Bizə elə texniki vasitələr verilməlidir ki, ərazimizdən keçən yükləri yoxlaya bilək. Beynəlxalq təşkilatlardan bizə bu sahədə yardım son vaxtlar az olunur. Dövlətimizin isə hələlik o qədər vəsaiti yoxdur. Aparıcı dövlətlər bu problemlə mübarizədə maraqlı olmalıdır. Narkomaniya Avropada böyük problemə çevrilib. Bizdə isə elə də təhlükəli vəziyyət yaranmayıb. Milli mentalitetimiz, digər amillər bu problemin geniş yayılmasının qarşısını alır. Biz mütəmadi olaraq rayonlarda gənclərlə, şagirdlərlə tədbirlər keçiririk.Valideynlər övladlarına nəzarəti gücləndirlməlidir. Gənclərin heç bir günahı yoxdur. Heroini maraq üçün bir dəfə qəbul edən şəxs ikinci dəfə ondan ayrıla bilmir. Bu problemlə mübarizədə yeganə düzgün yol gənclər arasında maarifləndirmə işinin gücləndirməkdir. Gənclər başa düşməlidirlər ki, bu maraq onları böyük fəlakətə aparır. Aktiv narkomanın beş ildən səkkiz ilədək ömrü var. Onları həbsxana müalicə etmir. Onlar ancaq cəmiyyətdə müalicə oluna bilərlər. Təhlillər göstərir ki, həm həbs olunanlar, həm də narkomanlar arasında ümumi rəqəmin 70 faizi gənclərdir. Sağlam cəmiyyətin formalaşmasında isə gəncliyin rolu əvəzsizdir. Gənclərin asudə vaxtı səmərəli təşkil olunmalıdır ki, onlar narkoişbazların və digər cinayətkar qrupların toruna düşməsinlər.

- Azərbaycan ərazisindən hansı marşrutlar keçir?

- Əsas marşrur İran tərəfdəndir. İranın ən böyük quru sərhədi Əfqanıstanladır. Narkotiklərin böyük əksəriyyəti İranla sərhəd rayonlarımızdan respublikaya daxil olur. Bəzən isə hətta silahlı müqavimət yolu ilə aparılır. Bu yaxınlarda Cəlilabad rayonu ərazisində saxlanılan bir nəfər İran vətəndaşından 29 kiloqram tiryək tutulub. Əməliyyat zamanı onunla birgə sərhədə yaxınlaşan iki nəfər hüquq-mühafizə orqanları əməkdaşlarına silahlı müqavimət göstəriblər. Həmin şəxsləri tutmaq mümkün olmayıb. Silahlı müqavimət ona işarədir ki, artıq biz sərhədlərimizin mühafizəsini qura bilmişik. Əvvəllər narkotika qaçaqmalçıları İrandan ərazimizə sərbəst keçirdilər. Deməli, biz narkoişbazlara sipər qura bilmişik.

Narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizənin səmərəli təşkil olunması üçün İranla ikitərəfli və çoxtərəfli müqavilələr bağlamışıq. İranın özündə də bu sahədə vəziyyət çox ağırdır. İranın Əfqanıstanla həmsərhəd olması bu işə şərait yaradan amillərdən biridir. Əfqanıstan narkotiklərin ən böyük qanunsuz istehsalçısıdır. Bu ölkə dünyaya heroin və tiryək mənşəli narkotiklərin 90 faizini verir. Əfqanıstanda irriqasiya sistemi yoxdur, suvarma olmadığından narkotik xassəli bitkilərin əkini geniş yayılıb. Əfqanıstan məcburiyyət qarşısında qalıb narkotiklərin istehsalı və ticarəti ilə məşğul olur, digər tələbatlarını ödəyirlər. Bu baxımdan onları da qınamalı deyil. BMT bu problemin həllində strateji dəyişmələr aparmalıdır. Əfqanıstanda irriqasiya sisteminin yaradılmasına köməklik göstərmək daha münasib addım olardı. BMT bəşəriyyəti narkotik bəladan xilas etmək üçün bu tədbiri görməyə məcburdur. Əfqan xalqı da bu problem içərisində yaşamaq istəmir, onlar narkotikləri beynəlxalq bazara çıxarmaq üçün xeyli insan itkisi verirlər. Amma yaşamaq üçün başqa çarələri yoxdur.

- Narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı ikinci dövlət proqramı hazırlanıb, həmin proqramda hansı istiqamətlərdə tədbirlərin görülməsi nəzərdə tutulur?

- Güc nazirlikləri mübarizə və profilaktik işlərində müəyyən korreksiya həyata keçiriblər. Dövlət Komissiyasına gəlincə isə biz onların işini ümumiləşdiririk. Dövlət Komissiyasının birinci vəzifəsi gənclər arasında maarifləndirmə işini təşkil etməkdir. Nə qədər ki, biz bir nömrəli istehsalçıya daha yaxınıq, öz problemlərimizi, həmçinin ondan yaxa qurtarmağın yollarını bilirik. Böyük dövlətlərin imkanı var ki, bu problemin inkişaf etməkdə olan ölkələrdə yayılmaması üçün maddi yardım etsinlər. İkinci dövlət proqramı 2007-2012-ci illər üçün nəzərdə tutulur və imzalanması üçün prezidentə təqdim edilib. Sənədin üzərində müəyyən korrektə işləri aparılacaq. Mənim fikrimcə, bu proqramın icrası üçün ilk növbədə maliyyə yardımı lazımdır. Bizim büdcəmizdə isə bunun üçün kifayət qədər vəsait yoxdur. Milli Məclis bu layihəni qəbul etdikdən sonra sənəd maliyyələşməsi üçün iki dəfə Maliyyə Nazirliyinə göndərilib. Lakin Maliyyə Nazirliyi buna vəsait ayırmayıb. Çünki həmin sənəddə maliyyənin ünvanları barədə konkretlik yoxdur. Sənəddə gərək ayrılan vəsaitin hansı tədbirlərə xərclənməsi aydın şəkildə göstərilsin və həmin işlərin vacibliyi əsaslandırılsın. Mənə elə gəlir ki, prezident də bunu bilir və əsaslandırılmamış bir sənədə imza atmayacaq.

- Bu problemlə mübarizənin səmərəli təşkili üçün narkotiklərin satışı və istehsalı ilə məşğul olanlara qarşı qanunvericilikdə nəzərdə tutulan cəzaların sərtləşdirilməsi doğru olmazmı?

- Mən sizinlə həm razılyam, həm də yox. Bəzən cəzaların sərtlərləşdirilməsi müsbət nəticə verir.

Dünyada iki dövlətdə - Çində və İranda narkotiklərin qanunsuz dövriyyəsinə görə edam cəzası var, hətta qadınlar da edam olunur. Amma gəlin baxaq, bu ölkələrdə narkotiklərin kökü kəsilibmi. Əksinə, digər ölkələrlə müqayisədə bu ölkələrdə vəziyyət daha ağırdır. Təkcə qadağalarla problemi həll etmək mümkün deyil. Maarifləndirmə işi daha yüksək olmalı, cəmiyyətdəki laqeydlik aradan götürülməlidir. Valideynlər övladlarına qarşı nəzarəti gücləndirməli, cəmiyyətin hər bir üzvü gənclərin tərbiyəsinə diqqət yetirməli və bu problemə biganə yanaşmamalıdır. İndiyə qədər hansısa QHT-nin bu xəstəliyə düçar olmuş şəxsi himayə etdiyini, onları bu xəstəlikdən xilas etdiyini eşitməmişəm. Amma onlar bununla əlaqədar xaricdən qrantlar alırlar. Qrantalara görə həmin donor təşkilatlara verdiyi hesabatlar isə faktlara əsaslanmır.

- Narkotiklərlə Mübarizə Baş İdarəsi qanunvericiliyə dəyişikliklərlə bağlı müəyyən təkliflər verib. Bu təkliflər qəbul olunubmu?

- Bu təkliflərə baxılır. Narkoişbazlar çox ustalıqla hərəkət edirlər, onlar bu sahədə olan qanunları bizdən daha yaxşı bilirlər. Narkoişbaz ölkəyə 50 kq alverlə gəlir, amma özü ilə gətirdiyi mal şəxsi istehsal miqdarından az olur. Çünki qanunu bilirlər. Onlar bilirlər ki, bu məbləğə görə cərimə oluna bilərlər, amma tutulmayacaqlar. Belə şəxsləri müəyyənləşdirmək mümkün deyil. Qanun alternativ ola bilməz. Qanunlarda konkret göstərilməlidir ki, narkotikdən hansı həcmdə istifadəyə icazə verilir. Biz alimlərimiz, hüquq-mühafizə orqanlarımızla birgə bu həddi müəyənləşdirmək üçün ortaq məxrəc axtarırıq. Bu iş davam edir. Dövlət Komissiyası isə belə qənaətdədir ki, həbsxana heç kimi islah etmir.

- Respublikanın hansı regionlarında bu sahə ilə bağlı vəziyyət daha ağırdır?

- Sərhədyanı rayonlarda vəziyyət ağırdır. Sərhədçilərdən canlı sipər yaratmaq olmaz. Astaradan tutmuş Fizuliyə kimi və Naxçıvanın İranla həmsərhəd ərazilərində bu problem daha təhlükəli vəziyyətdədir. BMT-nin hesablamalarına görə, qaçaqmalçılıqla daşınan narkotiklərin 5-10 faizi hüquq mühafizə orqanları tərəfindən tutulur, qalanı isə lazımi ünvünlara aparılır. Narkoişbazlar çoxlu pula malikdir. Hər bir dövlətdə korrupsiya var. Belə şəxslər arasında narkoişbazlara yardım edənlər var. Bir tərəfdən korrupsiya, digər tərəfdən isə biganəlik, sərbəst gediş-gəliş və s. amillər bu problemin yayılmasına təsir edir.

Narkomanların müalicəsi dünyanın heç bir ölkəsində qənaətbəxş deyil. Elə şəxslər var ki, onda narkotikdən asılılıq bir iynədən yaranır. Müalicə olunarsa belə, o, təsirə düşəndə yenidən həmin vərdişə meyl etməsi çox asan olur. Onların müalicəsində istənilən nəticəni almaq üçün cəmiyyətdə maarifləndirmə aparılmalıdır. Məktəblilər, ali məktəb tələbələri arasında narkomanlar var. Bu gün internetdə narkotik hazırlamaq, narkotika alveri, əxlaqsızlıq və s. təblig olunur. Həmçinin telekanallarda nümayiş olunan seriallar da mənfi rol oynayır. Teleseriallar da narkotiklərin reklamına yer ayırır.

Dövlət Komissiyası bunun qarşısını almaq üçün Teleradio Yayım Şurasına sənəd hazırlayır. Buna bir nəzarət olmalıdır. Bizə aidiyyatı qurumların nümayəndələrindən, vətəndaşlardan bu istiqamətdə təkliflər gəlib. İnternetə də nəzarət olunmalıdır. Gənclər internetdən müasir texnologiyanı, inkişafı öyrənməlidir.

Xəbər lenti

Xəbər lenti