Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Bakıda səfərdə olan Avropa Şurası Nazirlər Komitəsinin Azərbaycan və Ermənistan üzrə "Aqo" Monitorinq Qrupu cümə axşamı görüşlərə başlayıb. "Aqo" qrupunun nümayəndələri Azərbaycanın bəzi qeyri-hökumət təşkilatlarının nümayəndələri ilə görüş keçiriblər. Görüşdə hüquq müdafiəçisi Arzu Abdullayeva, hüquqşünas Hafiz Həsənov, "Vətəndaş cəmiyyəti uğrunda" QHT-nin rəhbəri Eldar İsmayılov və "Azad və ədalətli seçkilər uğrunda" əlaqələndirici Məşvərət Şurasının koordinatoru Çingiz Dadaşov iştirak ediblər.
Abdullayevanın görüş barədə verdiyi məlumata görə, QHTtəmsilçiləri əsasən Azərbaycanda seçkilərlə və vətəndaşların sərbət toplaşmaq hüququ ilə bağlı mövcud durumu qonaqlara izah ediblər.
Görüşdə İsmayılov mövcud qanunlardakı boşluqlardan danışıb, seçki komissiyalarının test üsulu ilə formalaşdırılmasına dair irəli sürülən yeni təklifi "Aqo" Qrupu üzvlərinə çatdırıb. Dadaşov seçkilərdə həyata keçirilməyən mexanizmlər barədə məlumat verib, təmsil etdiyi qurumun qarşıdakı seçkilərin də geniş müşahidəsini aparacağını deyib. Seçkilərlə bağlı maarifləndirmə işlərinin zəif olduğunu, MSK-nın fəaliyyətində nöqsanların mövcudluğunu deyən Dadaşov onu da diqqətə çatdırıb ki, Məşvərət Şurası MSK ilə paralel olaraq ölkə üzrə seçici siyahılarının dəqiqləşdirilməsini aparacaq.