Qazaxıstanla Azərbaycan Rusiyadan yeni hərbi texnikanın alınması ilə bağlı $40 mln. dəyərində olan müqavilə imzalayıblar. Üstəlik Qazaxıstan həmçinin MiQ-29 və MiQ-31 hərbi təyyarələrin təmiri ilə bağlı $100 mln.-luq müqavilə bağlaya bilər. Rusiya müdafiə sənayesinin müştərisi həmçinin Türkmənistan ola bilər. Rusiyanın "Vedomosti" qəzetinin yazdığına görə, iyulda "Rosoboroneksport" Azərbaycana 70 yeni BTR-80 zirehli maşınlarının göndərilməsi ilə bağlı müqavilə bağlayıb. Bir müddət öncə isə eyni miqdarda BTR-80 maşınlarının Qazaxıstana satılmasına dair saziş imzalanıb. "Rosoboroneksport"da və Hərbi-sənaye şirkətində ("Russkiye maşinı" holdinqinə daxildir, BTR-lərin istehsal olunan Arzamas maşın zavoduna nəzarət edir) məsələyə hər hansı şərh verməkdən boyun qaçırıblar.
Müqavilələrin mövcudluğunu Rusiya Müdafiə Nazirliyinin məmuru təsdiqləyib. O bildirib ki, bu ölkələrlə BTR-80 maşınlarının satışı ilə bağlı əlavə müqavilələr imzalana bilər, Azərbaycan isə BTR-80-dən baha olan, ən müasir BTR-90-nın ilk alıcısı ola bilər.
"Eksport voorujeniy" jurnalının baş redaktoru Dmitri Vasilyevin sözlərinə görə, BTR-80 maşınlarının (Banqladeşə satış zamanı) sonuncu yenilənmiş qiyməti $300 000 idi. Bu isə o deməkdir ki, Qazaxıstan və Azərbaycana 150-yə yaxın BTR-80-nin satışı azı $40 mln.-a dəyərləndirilə bilər.
2003-cü ildə Qazaxıstana 14 Mi-17 vertolyotun ($63 mln.) satışı, ötən il isə bu ölkəyə daha 12 Mi-17 və "Ansat"ların satışı ilə bağlı məlumatlar yer alsa da, müqavilənin məbləği açıqlanmırdı.
Aviasiya sənayesindəki mənbənin bildirdiyinə görə, avqustun sonunda MAKS-2007 aviasalonunda daha bir müqavilə barədə açıqlama verilə bilər. Söhbət Qazaxıstanın MiQ-29 və MiQ-31 qırıcılarının təmiri ilə bağlı $100 mln.-lıq saziş bağlamasından gedir.