Azərbaycan, Bakı / Trend , müxbir S.Ağayeva/ Azərbaycan öz ərazisində İraqda fəaliyyət göstərən müxtəlif qurumların nümayəndəliyinin açılmasına qarşı deyil. Əlbəttə ki, əgər onların fəaliyyəti Azərbaycan qanunvericiliyi və beynəlxalq prinsiplərə zidd deyilsə. Bu barədə jurnalistlərə cümə günü Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov İraq türkmanlarının Bakıda numayəndəlik açmaq niyyətlərinə dair Azərbaycan tərəfinin mövqeyini izah edərkən məlumat verib.
"İraqda mövcud olan qeyri-sabitlik, silahlı qarşıdurma Azərbaycanda narahatçılığa səbəb olur. Rəsmi Bakı İraqda sabitliyin və təhlükəsizliyin bərpasına yardım məqsədilə sülhməramlı qüvvələrini regiona göndərib" - deyə nazir müavini bildirib.
Xələfov qeyd edib ki, Azərbaycan regionda baş verən proseslərə diqqət göstərir. O bildirib ki, İraq türkmanları ilə bizi tarixi, mədəni əlaqələr, həmçinin din, dil, adət və ənənələr birləşdirir. Onun sözlərinə görə, Azərbaycan İraq dövlətinin bütün etnik xalqlarının eyni hüquqa malik olmalarında,sülh və əminamanlıq şəraitində yaşamalarında maraqlıdır.
Nazir müavini həmçinin bildirib ki, Azərbaycanın İordaniyadakı səfiri İraqa akkreditə olunub və yaxın vaxtlarda öz etimadnaməsini İraq hökumətinə təqdim edəcək. Bundan sonra əlaqələrin daha geniş inkişafı gözlənilir.