...

Rusiya "RTR-Planeta"nın Azərbaycanda yayımı ilə bağlı öz standartlarını tətbiq etmək istəyir

Cəmiyyət Materials 25 Sentyabr 2007 12:52 (UTC +04:00)
Rusiya "RTR-Planeta"nın Azərbaycanda yayımı ilə bağlı  öz standartlarını tətbiq etmək istəyir

Azərbaycan, Bakı / Trend müxbir E.Hüseynli/ Telekanalların qarşılıqlı yayımına dair Rusiyanın Azərbaycana təqdim etdiyi texniki müqavilə beynəlxalq standartlara cavab vermir, çərşənbə axşamı Trend ə açıqlamasında Milli Televiziya və Radio Şurasının (MTRŞ) üzvü Qafar Cəbiyev bildirib.

"Müqavilədə bütün mübahisəli məsələlərin Rusiya qanunvericiliyi ilə həllinin tapılması göstərilib. Burada nə Azərbaycan qanunvericiliyi, nə də beynəlxalq hüquq predmet kimi göstərilməyib" Cəbiyev deyib.

Azərbaycan Teleradio Yayım Şurası yanvarın əvvəlində Rusiyanın "RTR-Planeta" kanalının iyul ayının 10-dan etibarən Azərbaycanda yayımının dayandırılması barədə qərar verib. "RTR- Planeta"nın yayımı Rusiya tərəfinin müraciətindən sonra və Azərbaycan telekanalının Rusiyada yayımı şərtilə uzadılıb. Qarşılıqlı yayım üzrə yaradılmış İşçi qrupun üzvləri artıq iki görüş keçiriblər və ikitərəfli yayıma dair ilkin layihə razılaşdırılıb. Ümumi razılığın əldə olunması üçün texniki müqavilələr hazırlanırdı. Azərbaycan tərəfi texniki müqaviləni iki ay öncə təqdim edib.

Teleradio Şurasının sədri bir neçə dəfə bəyan edib ki, ümumi razılıq əldə olunmasa, "RTR-Planeta"nın Azərbaycanın milli tezliyində yayımı dayandırılacaq. Azərbaycan tərəfi hesab edir ki, "RTR-Planeta" ölkədə yayımlandığı ərazi boyda, AzTV də Rusiyanın həmin ərazisi boyda yayımlanmalıdır.

Cəbiyev deyib ki, müqaviləyə telekanalların paritet əsasda yayımı ilə bağlı konkret müddəalar salınmayıb. Müqavilədə qeyd olunub ki, müqavilə vaxtından əvvəl dayandırılsa, bu məsələ Rusiya qanunvericiliyi ilə tənzimlənməlidir. Onun sözlərinə görə, MTRŞ bütün çatışmayan məsələləri müqaviləyə dair rəyində qeyd edəcək.

Müqavilədə qarşılıqlı yayıma dair müzakirələrin dekbrın 31-də başa çatdırılması da göstərilib.

Cəbiyev MTRŞ-nın yenə mövqeyində qaldığını deyib. Teleradio Şurası hesab edir ki, xarici telekanallar Azərbaycanın milli tezliyində yayımlanmamalıdır və beynəlxalq standartların tətbiqi tərəfdarıdır. Beynəlxalq standarta görə, xarici telekanallar peyk vasitəsilə yayımlanır.

MTRŞ üzvü bildirib ki, qarşılıqlı yayım bir ildən artıq olmamalıdır.

Xəbər lenti

Xəbər lenti