...

"Blacksmith Institute"nun reallığı əks etdirməyən hesabatı

Cəmiyyət Materials 26 Sentyabr 2007 14:26 (UTC +04:00)
"Blacksmith Institute"nun reallığı əks etdirməyən hesabatı

Azərbaycan, Bakı / Trend müxbir E.Hüseynli/ Baş ofisi Nyu-Yorkda yerləşən "Blacksmith Institute" təşkilatının qlobal çirklənməyə dair "30 çirkli yer" adlı hesabatında Sumqayıt şəhəri 7 ölkənin 10 ən çirkli şəhəri siyahısına salınıb. Bu da Azərbaycanın ekoloji vəziyyətini təhlil etməyə zəmin yaradıb. Hesabatda göstərilən faktların reallığı əks etdirib-etdirməməsini araşdırmaq və həqiqəti üzə çıxarmaq vacib amildir. Həm də bu məsələdə hər bir Azərbaycan vətəndaşı mövqeyini ortalığa qoymalıdır. Bütün hallarda vətəndaşlıq mövqeyinin nümayiş etdirilməsi mütləqdir. Əgər təşkilatın yaydığı hesabatda həqiqətən Sumqayıtın ekoloji mühitinin ölümcül olması faktı təsdiqini taparsa, problemin həllində məsul dövlət məmurlarından tutmuş, adi vətəndaşa qədər hamı səfərbər olmalıdır. Yox, əks halda "Blacksmith Institute" təşkilatının öz kommersiya maraqları, populyarlıq qazanmaq naminə Sumqayıtı ən çirkli şəhərlər siyahısına salması Azərbaycanın dövlət kimi imicinə zərbədir və bu, hətta bilərəkdən Azərbaycanın beynəlxalq aləmdə nüfuzunu zərbə altına qoymağa xidmət edə bilər. Məhz bu halda da vətəndaş mövqeyinin ortalığa qoyulması vacibdir. Bəs reallıq nədən ibarətdir? Həqiqətən Sumqayıt Sovet İttifaqı dövründə olduğu kimi çox ciddi çirklənməyə məruz qalır?

Bu suallara cavab tapmazdan öncə "Blacksmith Institute" təşkilatının hesabatı hazırlayarkən peşəkar təhlilə söykənməyən və ciddi təhrifə yol verildiyi barədə əldə olunan faktları açıqlamaq məcburiyyətindəyik. Çünki bu faktların özü təşkilatın Sumqayıtda monitorinq aparmadığını və Sovet İttifaqı dövründəki arqumentlərdən istifadə etdiyini müəyyənləşdirib.

Aparılan bəzi araşdırmalardan məlum olub ki, "Blacksmith Institute" hesabatdakı şəkilləri və bəzi rəqəmləri "Azerbaijan İnternational" jurnalının 1994-cü ildə Sumqayıtın ekoloji vəziyyətinə dair çap etdirdiyi məqalədən götürüb. Maraqlı odur ki, həmin məqalədən götürülən faktların özü də təhrif olunub. Hətta jurnalın redaktoru xanım Beti Bleyer Ekologiya və Təbii Sərvətlər Nazirliyinə göndərdiyi məktubda onların 1994-cü ildə çap etdirdiyi məqalədəki faktların Sovet İttifaqı dövrünə aid olduğunu aydınca qeyd edib: "1994-cü ildə Sumqayıt barədə hesabatı hazırlayan zaman zavodların əksəriyyəti işləmirdi və həmin dövrdə çirklənmə halları gözə çarpmırdı. Biz Sovet vaxtında olan vəziyyət barədə yazmışıq".

İnstitut hesabatı hazırlamazdan öncə jurnalda çap olunan şəkillərdən istifadə olunmasını xahiş edib. Bunun cavabında Bleyer institutun layihə koordinatoru Aadika Sinqə göndərdiyi məktubda qeyd edib: "Jurnalda çap olunan şəkillər 1994-cü ilin, yəni 13 il əvvəl çəkilən və cari vəziyyəti əks etdirməyən şəkillərdir. 2007-ci il üzrə hesabatda köhnə şəkilləri əks etdirmək müvafiq olmadığından Sizə icazə verə bilmərik". Buna baxmayaraq, institut həmin şəkillərdən istifadə edərək hesabatda dərc etdirib. Bu, peşəkar mövqedir? İnstitutun 1994-cü ildə çap olunan şəkilləri və Sovet dövründəki faktları hesabata salmaqda hansı məqsədlər güddüyü yuxarıda qeyd olunan sitatlardan aydınca bəlli edir. Görünür, "Blacksmith Institute" Azərbaycanın "kasıb ölkə" olduğunu düşünür və çirklənmədən zərər çəkən ərazilərin təmizlənməsi üçün müqaviləni bağlamaq iddiasındadır. Digər tərəfdən, bununla institut sivil cəmiyyət üçün qəbul edilməyən plagiatlığa yol verib. Bleyer bu faktı da instituta qarşı ittihamında göstərib: "Mənim onların hesabatına şübhə ilə yanaşmağımın səbəbi odur ki, onlar 1994-cü ildə "Azerbaijan İnternational" jurnalında dərc edilmiş məqaləni icazəsiz istifadə edib və plagiatla məşğul olublar. Onlar öz veb saytlarında Sumqayıtın problemləri siyahısında uşaqlara aid olan hissəni bizim jurnaldan köçürüb və 2007-ci ilin məlumatı kimi təqdim edib".

Onu da qeyd edək ki, institut bir il öncə hazırladığı hesabatda eyni ssenari üzrə, heç bir araşdırma, monitorinq aparmadan Sumqayıtı dünyanın ən çirkli şəhərləri siyahısına salmışdı. Görünür, həmin vaxt institutun yalanı ifşa olunmadığından, onlar şirnikərək yenidən "hesabat" hazırlayıblar.

Əfsuslar olsun ki, institut ekoloji problemlərin həlli ilə bağlı işlər görmək əvəzinə kiçik ölkələrin cavab verməyəcəyinə ümid edərək, bəzən doğrudan da mövcud olan problemləri həll etmək əvəzinə öz xeyirlərinə işlə məşğul olur.

Digər bir tərəfdən, adi vətəndaş bilməsə belə ekoloqlar (əgər institutda ekoloqlar varsa, onlar bunu yaxşı anlayar) üçün aydındır ki, qısa bir zaman kəsiyində monitorinq aparmaqla şəhərin mövcud ekoloji durumunu əks etdirmək mümkün deyil. Daha dəqiq desək, ərazidə "oturuşmuş" ümumi ekoloji vəziyyətin kompleks və obyektiv qiymətləndirilməsi üçün kifayət deyil. İnstitut Sumqayıtın yolunu tanımadığı halda bu cür araşdırmaları necə apara bilər. Sumqayıtın ətraf mühitinə dəyən ziyanın ümumi fonunu müəyyən etmək üçün institutun ekoloqları ən azı bir ay müddətində monitorinqlər aparmalı idi. "Blacksmith Institute" təşkilatının İnternet səhifələrində fəaliyyət göstərməsi, heç bir elmi potensiala malik olmaması, cəmi 4 nəfər işçisi ilə çalışması onun hazırladığı hesabatın nə dərəcədə "ciddi" olduğundan xəbər verir. Biz əsla Sumqayıt şəhərinin ekoloji vəziyyəti ilə bağlı problemin olmadığını sübuta yetirmək istəmirik. Ancaq məsələ burasındadır ki, paytaxt Bakı bu gün daha böyük çirklənməyə məruz qalır, nəinki Sumqayıt. Bakıda təkcə avtomobillərin ətraf mühitə vurduğu ziyan ümumi çirklənmənin 60%-ni təşkil edir.

Ancaq Sumqayıtda göstəricilər bunun tamam əksini söyləməyə zəmin yaradır. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin illik hesabatında qeyd olunur ki, 90-cı illərin əvvəlləri ilə müqayisədə Sumqayıt şəhərində atmosferə atılan zərərli tullantılar 70%-dən artıq, o cümlədən əmələ gələn bərk tullantılar da həmin göstərici faizi ilə azalıb. Əgər 1990-cı ildə (nəzərə alın ki, hələ o vaxt Sumqayıtda bir çox sənaye müəssisəsi fəaliyyət göstərirdi) şəhərin atmosfer havasına 74 003 ton zərərli tullantılar atılırdısa, 2006-cı ildə bu göstərici 11 368 tona enib. Digər tərəfdən, Sumqayıt şəhərində əmələ gələn bərk tullantılar 1990-cı ildə 165 144 ton olubsa, 2006-cı ildə bu göstərici 2198 tona enib. Bundan əlavə, 1992-ci ildə şəhərdə əmələ gələn çirkab sular 233,6 mln. kubmetr idisə, 2006-cı ildə bu göstərici 76,9 mln. kubmetr olub.

Sumqayıtın ətraf mühitinin mühafizəsi üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ətraf mühitin çirklənməsi üzrə yerli ərazi xidmət şöbəsinin laboratoriyası, hidrometerologiya xidmətinin yerləşdirilmiş 3 stasionar nəzarət məntəqəsi, mərkəzi monitorinq xidmətlərinin laboratoriyaları, Səhiyyə Nazirliyinin yerli sanitar-epidomoloji mərkəzinin laboratoriyası müntəzəm olaraq müşahidələr aparır.

Azərbaycanın müstəqil ekoloqları da bu cür düşünür. Ekoloq Nazim Məmmədov sorğumuza cavab olaraq bildirib ki, Sumqayıtın ekoloji vəziyyəti şəhərin 20-yə qədər kəskin ekoloji ziyanlı və iqtisadi səmərəsiz istehsal sexləri bağlandığından normallaşıb. Onun sözlərinə görə, şəhərin yaşayış rayonu atmosferində çirkləndiricilərin orta illik fon qatılığı sanitar normalar həddini aşmir. Yaşayış ərazilərindəki bataqlıqlar tamamilə qurudulub. Hazırda şəhər kənarı ərazilərdə təbii üsulla yaranan bataqlıqların qurudulması istiqamətində işlər aparılır. Şəhərdə layihə gücü sutkada 205 min kubmetr olan məişət çirkab suların təmizlənməsinə imkan verən təmizləyici qurğunun tikintisi isə yaxın vatlarda başa çatdırılacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tikdirdiyi xüsusi poliqona civəli şlamın daşınması işləri aparılır. Məmmədov onu da bildirib ki, Sumqayıtda tullantıların emalı və təkrar istifadəyə verilməsi ilə məşğul olan kiçik müəssisələr onlarladır və bu fakt da şəhərin ekoloji durumunun yaxşılaşdırılmasına önəmli təsir edib.

Bu gün Sumqayıtda əsas iri sənaye müəssisəsi kimi alüminium zavodu tam gücü ilə işləyir. Sözsüz ki, zavodun fəaliyyəti ətraf mühitin çirklənməsinə təsir edir. Ancaq bu fakt Sumqayıtın dünyanın 10 ən çirkli şəhərinin siyahısına salınmasına dəlalət etmir. Sumqayıt şəhərində 1990-cı illə müqayisədə yalnız müəsissələrin 10-15%-i fəaliyyət göstərir. Belə olan halda Sumqayıtı Hindistanın sənaye şəhəri olan Vapi ilə bir sırada göstərmək hansı əsaslara söykənir? Təkcə Vapi ərazisində 50-yə yaxın sənaye müəssisəsi fəaliyyət göstərir. Bu göstərici ümumilikdə Azərbaycanın tam gücü ilə fəaliyyət göstərən iri sənaye müəssisəsinə bərabərdir. Bu halda Vapi ilə Sumqayıt şəhərlərində çirklənmənin miqyasını eyniləşdirmək düzgündürmü? O ki qaldı, Sumqayıtda fəaliyyət göstərən alüminium zavodunun ətraf mühitə vurduğu ziyana, Azərbaycan hökuməti bu istiqamətdə mərhələli tədbirlər həyata keçirir. Yaxın bir neçə ildə Azərbaycan hökuməti Dünya Bankının dəstəyi ilə alüminium zavodunun ərazisindən 40 000 ton tullantı təmizləyib.

İnstitutun layihə koordinatoru Aadika Sinq hesabatı hazırlayarkən mənbə kimi Sumqayıt şəhər Ekoloji Realibitasiya Mərkəzinin rəhbəri Arif İslamzadənin şəhərin ekoloji durumuna dair hazırladığı məqaləni də göstərilib. Bunun nə dərəcədə həqiqətəuyğun olduğunu aydınlaşdırmaq üçün məqalənin müəllifi ilə əlaqə saxladıq. İslamzadə institutun hesabatında onun məqaləsindən istifadə edildiyini təsdiqləsə də, məqalədə əks olunan faktların 90-cı ilin əvvəllərinə aid olduğunu bildirib: ""Blacksmith Institute" təşkilatı bu hesabatı hazırlayarkən hansı kriteriyalara söykəndiyi bəlli deyil. Mən məqaləni 15 il bundan qabaq yazmışam. Onda Sovet İttifaqı yenicə dağılmışdı. Məqaləni yazmaqda məqsədim Sumqayıtın sovet hökuməti tərəfindən məhv edildiyini dünyaya çatdırmaq idi". İslamzadənin sözlərinə görə, o dövrlə müqayisədə indi Sumqayıtın ekoloji durumu fərqlidir və ətraf mühitin çirklənməsi olduqca azdır. Əgər sovet dövründə Sumqayıtda 30-a yaxın iri sənaye müəssisəsi fəaliyyət göstərirdisə, indi bu müəssisələrin cəmi 10-15%-i işləyir. Həmin müəssisələr də tam gücü ilə çalışmır. İslamzadənin bildirdiyinə görə, Sumqayıtın iri müəssisəsi sayılan Sintetik-Kauçuk zavodu cəmi 15-20% gücündə, Alüminium zavodu isə 70-80% gücündə fəaliyyət göstərir.

Bundan əlavə, İslamzadə hesab edir ki, ətraf mühitə atılan çirkləndiricilərin təmizlənməsi istiqamətində Azərbaycan hökumətinin apardığı tədbirlər də Sumqayıtın ekoloji durumunun sabitləşməsinə önəmli təsir edib: "Civələrin təmizlənməsi üçün poliqon tikilib. Tullantıların təmizlənməsi üçün ilkin tədbirlər görülür". Bütün bunlara baxmayaraq, İslamzadənin bildirdiyinə görə, 60 ildə atılan tullantılar torpaqda, Xəzərin dibində cəmləşib. Bunun mənfi təsirini danmaq mümkün deyil. Ekoloq hesab edir ki, torpaqda çirkləndiricilərin yığışdırılması üçün torpaqların yeri dəyişdirilməlidir. Eyni zamanda, köhnə sexlər sökülməli və həmin ərazilər dezinfeksiya olunmalıdır.

İslamzadənin açıqlamalarından da bəlli oldu ki, institut heç bir kriteriyaya söykənməyən, monitorinq aparmadan Sumqayıtı dünyanın ən çirkli 10 şəhəri siyahısına salıb. Əgər institut öz kommersiya maraqlarını güdmürsə, nəyə görə mənbə kimi göstərdiyi İslamzadənin məqaləsinin 90-cı illərin əvvəllərinə aid olduğunu göstərməyib? Və yaxud İslamzadənin ünvanını bilə-bilə nədən onunla əlaqə saxlamayıb, Sumqayıtın bugünki ekoloji durumu ilə maraqlanmayıblar? Necə ola bilər ki, Amerikada otura-otura köhnə arqumentlərə söykənərək hesabat hazırlayasan? Bundan sonra institutun hazırladıqları hesabatların dəqiqliyinə inanmaq sadəlöhvlük olar.

Sumqayıt şəhərinin 100-dən artıq sakinləri arasında aparılan sorğunun nəticələri də diqqətimizi cəlb edib. Sorguda iştirak edən sakinlərin 80%-i şəhərin ekoloji durumunun 90-ci illərin əvvəlləri ilə müqayisədə bir neçə dəfə yaxşılaşdığını bildiriblər. Şəhər sakini Vuqar Əliyevin bildirdiyinə görə, Sumqayıtda iri sənaye müəssisələrin bağlanmasından sonra ətraf mühitə çirkləndiricilərin təsiri hiss olunanan dərəcədə deyil: "Əvvəllər Sumqayıt tüstü içində boğulurdu. İndi yaşıllaşdırma işlərinin aparılması, müəssisələr üzərində monitorinqlərin gücləndirilməsi çirkləndiricilərin ətrf mühitə təsirini azaldıb". Digər şəhər sakini Vüsalə Qafarova da çirkləndiricinin ətraf mühitə təsirinin azaldığını təsdiqləyib. Ancaq o, daha ciddi nəticələrə nail olmaq üçün ətraf mühitə vurulan ziyana görə müəssisələrə tətbiq olunan cərimələrin miqdarının bir neçə dəfə artırılmasının vacib olduğunu bildirib (Onu da qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi də cərimələrin miqdarının artırılması tərəfdarıdır).

Sonda onu qeyd etmək lazımdır ki, "Blacksmith Institute" tərəfindən saxtakarlıqla hazırlanmış hesabat hər il on minlərlə turist qəbul edən ölkənin, eləcə də Sumqayıt şəhərinin imicinə ziyan vurmaqla yanaşı, ölkələrimiz arasında getdikcə artan səmərəli əməkdaşlığa mənfi təsir göstərə bilər.

Bir sıra bu mövzunu yaxşı bilən yerli və xarici ekspertlər institutun dərc etdiyi hesabatın neftlə çirklənmiş torpaqların təmizlənməsi layihələrinin aparılması üçün özlərinə biznes fəaliyyəti qurmaq niyyətinə xidmət etdiyini vurğulayıblar.

Öz işinə məsuliyyətlə yanaşmayan şəxslərin hansısa məqsədləri üçün faktlar və rəqəmlərlə belə "sərbəst" manipulyasiya edərək heç bir konstruktiv məqsədlər olmadan, ictimai rəyə bu cür təsirinin qarşısının alınması, məsələnin araşdırılması, günahkarların cəzalandırılması və bu barədə ictimaiyyətə məlumat verilməsi məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi də instituta məktub göndərib.

İstənilən halda bu cür məsuliyyətsiz yanaşma hüquq normaları çərçivəsində müvafiq tədbirlərin görülməsi üçün əsas yaradır.

Xəbər lenti

Xəbər lenti