...

Azərbaycan bayrağı Nyu-Yorkun mərkəzi küçəsində bir ay dalğalanacaq

Cəmiyyət Materials 19 Oktyabr 2007 13:08 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Azərbaycanın Müstəqillik Günü və Amerika-Azərbaycan Cəmiyyətinin (AAC) 50 illik yubileyi münasibətilə Azərbaycanın dövlət bayrağı ABŞ-ın Nyu-York şəhərində - keçmiş meriya binası olan "Bruklin Borough Hall"un qarşısında bir ay dalğalanacaq. Bu barədə Amerika-Azərbaycan Cəmiyyətinin (AAC) sədri Tomris Azəri qurumun yubileyi münasibəti ilə cümə axşamı Nyu-Yorkda keçirilən bayram tədbirində açıqlama verib.

18 oktyabr - Azərbaycanın müstəqillik günü və AAC-nin yaradılmasının 50 illiyi

İləbağlı bayram tədbiri Manhettenin Broadway küçəsində - Nyu-York meriyasının keçmiş binası olan "Bruklin Borough Hall"da Azərbaycan və ABŞ bayraqlarının havaya qaldırılması ilə başlanıb. Tomris Azəri bildirib ki, Azərbaycan və ABŞ-ın dövlət bayraqlarının qaldırılması bu ölkələri özləri üçün vətən sayan və ona xidmət edən insanların şərəfinə təşkil olunub. Hər iki bayraq bu yerdə bir ay dalğalanacaq.

Bayram tədbirində Azərbaycanın BMT-dəki daimi nümayəndəliyinin rəhbəri səfir Aqşin Mehdiyev, Azərbaycanın ABŞ-dakı səfiri Yaşar Əliyev, Los Ancelesdəki konsulu Elin Süleymanov, Azərbaycan parlamentinin deputatı Qənirə Paşayeva, Azərbaycan Nyu-York Assosiasiyasının prezidenti Əli Nəsibov, Qafqaz Yəhudiləri Cəmiyyətinin prezidenti Yakov Abramov, Azərbaycan-Amerika Şurasının prezidenti Cavid Hüseynov, Nyu-Yorkda təhsil alan azərbaycanlı tələbələr, Amerikadakı Azərbaycan və Türkiyə diasporunun fəalları, Nyu-York şəhər meriyasının miqrasiya məsələləri üzrə departamentinin rəhbəri, milliyyətcə azərbaycanlı olan Azadə Xəlili, Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla iş üzrə Dövlət Komitəsinin əməkdaşları, Gürcüstan, Moldova diplomatoları iştirak ediblər.

Azadə Xəlili Nyu-York merinin təbrik məktubunu Tomris Azəriyə təqdim edib. Tədbirdə çıxış edən Tomris Azəri, Amerika Türkiyə Assosiasiyaları Assambleyasının prezidenti Nurten Ural və Azərbaycanın BMT-dəki nümayəndəsi Aqşin Mehdiyev AAC-nin 50 illik tarixi, onun Azərbaycan-ABŞ əlaqələrində oynadığı rol barədə danışıblar. Aqşin Mehdiyev Azərbaycan Prezidenti Ilham Əliyevin AAC-nin 50 illiyi münasibətilə ünvanladığı təbrik məktubunu oxuyub. ABŞ prezidenti Corc Buşun da təbrik məktubu səsləndirilib.

Mərasimdə "Bruklin Borough"un prezidenti Marty Markovitz çıxış edərək AAC-nın şəhərdə apardığı faydalı fəaliyyət, diaspora işlərindəki nailiyyətlərini qeyd edib.

Amerika Azərbaycanlıları Cəmiyyəti 1957-ci ildə ABŞ-ın Nyu-Cersi ştatında yaradılıb. Qurum yarandığı gündən indiyədək Azərbaycanla bağlı həqiqətləri Amerika içtimayətinə çatdırmaq məqsədi ilə aktiv fəaliyyət göstərib. Ənənəvi olaraq cəmiyyət Azərbaycanın milli və dövlət bayramları (Müstəqillik günü, Respublika günü, Novruz bayramı),

Azərbaycan torpaqlarının erməni separatçıları tərəfindən işğal olunan günləri, 20 yanvar, Xocalı faciəsi kimi digər matəm günləri hər il qeyd edir.

Xəbər lenti

Xəbər lenti