...

Ali Məhkəmənin hakimi: " Mülki sahədəki mübahisələr daha çox əmlak xarakterlidir"

Cəmiyyət Materials 25 Oktyabr 2007 17:00 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend , müxbir K.Zərbalıyeva/ Mülki işlərlə bağlı Ali Məhkəməyə daxil olan şikayətlərin böyük qismi əmlak mübahisələri, mənzildən istifadə ilə bağlı yaranmış münasibətləri əhatə edir. Ali Məhkəmənin Mülki işlər üzrə Məhkəmə Kollegiyasının üzvü Əsəd Mirzəyev Trend ə açıqlamasında bu il ərzində məhkəməyə 2600-dək mülki iş üzrə kassasiya şikayətinin daxil olduğunu və həmin işlər üzrə çıxarılan qərarların müəyyən qismində aşağı məhkəmə instansiyaları tərəfindən maddi hüquq normalarının düzgün tətbiq olunmadığını bildirib.

Mirzəyev mənzildən istifadə hüququnun pozulması ilə bağlı mübahisələrin artmasının səbəbini qanunvericilikdəki boşluqla əlaqələndirib. Mülki Məcəllənin 228-ci maddəsi mülkiyyətçi, onun ailə üzvləri və digər şəxslər tərəfindən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnu tənzimləyir.

Ali Məhkəmənin hakimi bildirib ki, mülkiyyətçi ilə onun ailə üzvlərinin və digər mənzil istifadəçisinin notariat qaydasında təsdiq edilmiş yazılı razılaşması olmadığından, qüvvədə olan Mülki Məcəllənin 228-ci maddəsinə əsasən, axırıncıların yaşayış sahəsindən istifadə hüququ istisna olunur. Digər tərəfdən, bu cür münasibətlərdə təcrübədə heç bir vaxt mülkiyyətçi ilə ailə üzvləri və ya mənzilin digər istifadəçiləri arasında, nəinki notariat qaydasında təsdiqlənmiş, sadə yazılı formada belə razılaşma qaydasına da əməl olunmur. "Bu mentalitetimizə də uyğun deyil. Təsəvvür edin ki, ər evinə köçməyə hazırlaşan gəlin qayınatasına ismarıc göndərir ki, onlar gəlinin evdə yaşamaq hüququnu tanımaq üçün notariusa getməli və qayınata yazılı razılığını bildirməlidir. Bəzən, mülkiyyətçinin, yazılı olmasa da, razılığı əsasında, uzun müddət- 4-5 il mülkiyyətçi ilə birgə yaşayan, onunla birgə təsərrüfat aparan ailə üzvü ilə ailə-məişət zəminində yaranan mübahisə mənzil mübahisəsinə gətirib çıxarır. Elə bu zaman yaşayış sahəsinin mülkiyyətçisinin digər ailə üzvünün yaşamasına və mənzildən istifadə hüququna notariat qaydasında təsdiq edilmiş yazılı razılığı olmadığı meydana çıxır.

Ali Məhkəmə hakiminin sözlərinə görə, qanunvericilikdəki boşluğun aradan qaldırılması üçün Mülki Məcəllənin 228-ci maddəsinə müqavilənin bağlanması ilə bağlı dəyişiklik edilməsi nəzərdə tutulub.

Hüquq Maarifçiliyi Cəmiyyətinin sədri, hüquqşünas İntiqam Əliyev Azərbaycanda mülki mühakimə icraatı sahəsində çox ciddi problemlərin olduğunu deyir.

"Hesab etmirəm ki, ailə, əmək, mülkiyyət və digər mülki hüquq və azadlıqların qorunmasında Azərbaycanın ədalət mühakimə sistemi əhəmiyyətli uğurları ilə fəxr edə bilər. Hakim özbaşınalığı, qanunsuz məhkəmə qərarları, hakimlərə təzyiqlər, məhkəmə qərarlarının icra olunmaması və çoxlu digər nöqsanlar, mülki haqqı pozulan insanlarda, məhkəmə yolu ilə haqqını bərpa edəcəyinə inamı öldürüb. Təəssüf ki, bu gün Azərbaycanda ən çox qəsd olunan hüquqlar sırasında mülkiyyət hüququ da var. Narahatlıq doğurur ki, bu hüquqa qəsd son dövrlərdə kütləvi xarakter alıb və ictimai həyatın bütün sahələrinə hücuma keçib".

Əliyev hesab edir ki, Avropa Məhkəməsinin Tarıverdiyevin, Akimovanın, Əfəndiyevanın və başqalarının işi üzrə qərarları mülki mühakimə icraatı sahəsində çox ciddi problemlər barədə həyəcan təbili çalmaq üçün əsasdır. "Akimovanın işi bu baxımdan çox maraqlıdır. Evləri qaçqın və məcburu köçkünlər tərəfindən zəbt olunan minlərlə insanın, uzun illərdir ki, ölkə məhkəmələri şikayətlərini tamamilə əsassız arqumentlə rədd edirlər. Həmin insanlara uzun illərdir ki, rədd cavabı verən məhkəmələr prezidentin məlum fərmanına istinad edirlər. Həmin fərmanda deyilir ki, torpaqlar azad olunana qədər qaçqın və məcburu köçkünləri heç kəs tutduqları yerdən çıxara bilməz. Avropa Məhkəməsi bunu vətəndaşın mülkiyyət hüququna müdaxilə kimi qiymətləndirdi. Avropa Məhkəməsi qərarında göstərib ki, dövlət bir vətəndaşının problemini başqa bir vətəndaşın haqlarını pozmaqla təmin etməməlidir". Əliyev bildirib ki, qanunvericilikdə mülkiyyət hüququna müdaxilənin əsasları göstərilsə də, təcrübədə qanunun bu norması kobud şəkildə pozulur.

"Dövlət tərəfindən mülkiyyət yalnız dövlət ehtiyacları və ya ictimai ehtiyaclar tələb etdikdə, yalnız qanunla icazə verilmiş hallarda yolların və digər kommunikasiya xətlərinin çəkilməsi, sərhəd zolağının müəyyən edilməsi və ya müdafiə əhəmiyyətli obyektlərin tikilməsi məqsədi ilə, Nazirlər Kabineti tərəfindən, bazar dəyəri miqdarında, qabaqcadan əvəzi ödənilməklə və məhkəmənin qərarı əsasında, özgəninkiləşdirilə, sökülə və ya mülkiyyət hüququna hər hansı digər formada müdaxiləyə yol verilə bilər.

Bizdə mülkiyyət hüququna müdaxilə əksər hallarda bu şərtlərin kobud surətdə pozulması yolu ilə aparılır. Nazirin, polisin, icra hakimiyyətinin, dəmir yolu məmurunun göstərişi əsasında, insanların mülklərinə qəsd olunur. Bu cür pozuntuların arxasında böyük adamların maraqları dayandığı üçün, haqları pozulan vətəndaşın və ya müəssisənin məhkəmə yolu ilə hüquqlarını müdafiə edə biləcəyi ehtimalı sıfra bərabərdir".

Ekspertin fikrincə, ölkədə bu cür pozuntulara qiymət verməli olan ədalət mühakiməsi təmin olunmasa, Avropa Məhkəməsində Azərbaycana qarşı çıxarılan qərarların sayı artacaq. Azərbaycan vətəndaşlarına külli miqdarda cərimələr ödəməklə bərabər, dünya dövlətləri sırasında vətəndaşların haqlarına biganə münasibət bəsləyən dövlət kimi tanınacaq.

Oktyabrın 25-i Avropa Mülki Ədalət Mühakiməsi günüdür. Bu günü Avropa Komissiyası və Avropa Şurası təsis edib.

Xəbər lenti

Xəbər lenti