...

Dövlət Komitəsinin sədri: "Azərbaycanda din pərdəsi altında hakimiyyətə gəlmək istəyən qüvvələr var"

Cəmiyyət Materials 1 Noyabr 2007 18:08 (UTC +04:00)
Dövlət Komitəsinin sədri: "Azərbaycanda din pərdəsi altında hakimiyyətə gəlmək istəyən qüvvələr var"

Azərbaycan, Bakı / Trend , müxbir E.Hüseynli, K.Zərbalıyeva/ Azərbaycanda din pərdəsi altında hakimiyyətə gəlmək istəyən qüvvələr var, cümə axşamı jurnalistlərə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov bildirib. Onun sözlərinə görə, Azərbaycanda dini siyasiləşdirmək meylləri mövcuddur və onlar şəriət qanunları ilə dövlət qurmaq istəyirlər.

"Həmin dini qruplar bir çox xarici ölkələr tərəfindən maliyyələşdirilir və istiqamətləndirilir"- Orucov deyib.

Bir neçə gün əvvəl, Bakıdan 380 kilometr qərbdə yerləşən Xanlar rayonundakı N saylı hərbi hissədə qulluq edən zabit Kamran Əsədov külli miqdarda silah-sursat, 4 ədəd avtomat silah, 1 ədəd PK pulemyotu, 20 ədəd əl qumbarası, xeyli sayda avtomat silah üçün patron və digər hərbi ləvazimat oğurlayaraq, hərbi hissəni özbaşına tərk edib. Milli Təhlükəsizlik Nazirliyinin apardığı əməliyyat tədbirləri zamanı bəlli olub ki, Əsədov radikal vəhabi dini təriqətə qulluq edir və cinayəti bir qrup şəxslə törədib. Əsədov və qrupun digər üzvləri, silah-sursatın və hərbi ləvazimatın bir hissəsini İsmayıllı rayonu ərazisində gizlətdikdən sonra Bakıya gəliblər. MTN tərəfindən oktyabr ayının 27-də Bakının Maştağa qəsəbəsi, Bağ massivi ev-104 ünvanında keçirilən əməliyyat tədbirləri nəticəsində, həmin şəxslərdən bir qrupu yaxalanıb. Əməliyyat zamanı qrupun bir üzvü müqavimət göstərməyə cəhd edərkən məhv edilib. Azərbaycanın hüquq-mühafizə orqanlarına radikal dini qrupların ölkənin strateji obyektlərində, o cümlədən, diplomatik korpuslarında terror törədəcəkləri bəlli olub.

Orucov deyib ki, Azərbaycanda radikal dini qrupların perspektivləri yoxdur və Azərbaycan dövlətçiliyinin itirilməsi üçün heç bir əsas yoxdur. Onun sözlərinə görə, Azərbaycanda radikal dini təriqətlərin son üzvlərinin zərərsizləşdirilməsinə qədər mübarizə aparılacaq.

Xəbər lenti

Xəbər lenti