...

Ombudsman Aparatı şagirdlərin zəhərlənməsi faktı ilə maraqlanıb

Cəmiyyət Materials 6 Noyabr 2007 18:54 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir S.İlhamqızı/ Azərbaycanın İnsan Haqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanovanın tapşırığına əsasən, Ombudsman Aparatının əməkdaşları Xırdalan şəhərindəki 9 saylı orta məktəbdə şagirdlərin zəhərlənməsi ilə bağlı araşdırma aparıblar. Bu barədə çərşənbə axşamı Ombudsman Aparatından məlumat verilib.

Araşdırma zamanı məktəb rəhbərliyinin məlumatından aydın olub ki, evdən məktəbə gələn 5-6-cı siniflərin bir neçə şagirdinin dərs zamanı əhvalı pozulub, hərarəti artıb, üzlərndə qızartılar əmələ gəlib, qarın nahiyəsində ağrılar başlayıb. Bunu görən məktəb rəhbərliyi təcili yardım çağırıb və uşaqların müayinəsi aparılıb. Vəziyyəti ağır olan şagirdlər xəstəxanaya yerləşdirilib, onlara qida zəhərlənməsi diaqnozu qoyulub.

Tibbi yardımlardan sonra şagirdlər evə buraxılıblar və hazırda vəziyyətləri normaldır.

Faktla bağlı Abşeron rayon polis idarəsində araşdırma aparılır.

Ombudsmanın nümayəndələri polis idarəsində olublar və oradan aldıqları məlumata görə, 9 saylı orta məktəbin 3 şagirdi noyabrın 5-də məktəbin yaxınlığında "Mars oversias Baku LTD"Nin (Pepsi-Cola şirkətinin) istehsalı olan alkoqolsuz içkini naməlum şəxslər guya tanıtdırma məqsədilə pulsuz paylayıblar və şagirdlər də bu içkidən zəhərləniblər. Onlar qida zəhərlənməsi diaqnozu ilə Xırdalan təcili yardım xəstəxanasına və Qarayev adına 2 saylı şəhər xəstəxanasına yerləşdiriliblər. Həmin içki məhsullarının qabları rayon Gigiyena-Epidemiologiya mərkəzinə ekspertiza üçün təqdim olunub.

Xəbər lenti

Xəbər lenti