...

"Mən sənətkaram" verilişi fevralın sonu efirə çıxacaq

Cəmiyyət Materials 8 Fevral 2008 12:04 (UTC +04:00)

Azərbaycan, Bakı, 08 fevral /müx. TrendLife Günel Əhmədova/

"Lider" telekanalının anonslarından bəlli olduğu kimi, fevralın sonunda əməkdar artist Brilliant Dadaşovanın "Mən sənətkaram" adlı müəllif verilişi efirə çıxacaq. Müğənninin mətbuat əlaqələndiricisinin TrendLife-a bildirdiyinə görə, hər həftə tamaşaçıların görüşünə gələcək tele-layihənin hazırlıq prosesi gedir. Amma mətbuat xidməti ssenari barədə geniş açıqlama vermədi. Onun sözlərinə görə, verilişin nüansları, formatı barədə ilk buraxılışı izlədikdən sonra məlumat almaq mümkün olacaq. Mətbuat xidməti yalnız onu qeyd etdi ki, Brilliant xanım müəllif verilişində əsas diqqəti musiqiyə verəcək.

Xatırladaq ki, bir çox müğənnilər özlərini teleaparıcı kimi sınayıblar. Amma nədənsə, həmin verilişlərin ömrü 2-3 aydan artıq olmayıb. Brilliant xanım ölkəmizdə yeganə müğənnidir ki, beş il ərzində 2000-2005-ci illərdə "Space" telekanalında "Gözəllik dünyanı xilas edəcək" müəllif verilişinə aparıcılıq edib. Verilişin böyük tamaşaçı auditoriyasına malik olduğu, sevildiyi barədə əlavə fikir söyləməyə ehtiyac yoxdur. Çünki verilişin beş il ekran həyatı yaşaması buna sübutdur. Deməli, haqlı olaraq tamaşaçıların "Mən sənətkaram" verilişindən gözləntiləri böyükdür.

Xəbər lenti

Xəbər lenti