...

Sabiq nazirin müayinələrinin nəticələri hələ məlum deyil

Cəmiyyət Materials 15 Fevral 2008 15:06 (UTC +04:00)

Azərbaycan, Bakı, 15fevral / Trend , müxbir K.Zərbalıyeva/ Sabiq nazirin ürəyinə qoşulmuş holter-monitor aparatı cümə günü çıxarılıb.

Sabiq nazir Fərhad Əliyevin vəkili İsaxan Aşurov Trend ə bildirib ki, həkimlər aparatın qeydə aldıqları nəticələri təhlil edəcək və ona konkret diaqnoz qoyulacaq.

Holter-monitor aparatı gün ərzində ürəyi izləyir, ürəyin sutkalıq kardioqramını çıxarır və qan təzyiqini ölçür.

Sabiq nazir Əliyev fevralın 5-də səhhətindəki problemlə əlaqədar Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Təcridxanasından Penitensiar Xidmətin Müalicə Müəssisəsinə köçürülüb.

Vəkil bildirib ki, Əliyevi müayinə etmək üçün Kardioloji Mərkəzdən həkimlər dəvət olunub. Aşurov bildirib ki, sabiq nazirin xəstəliyi düzgün müəyyənləşərsə və müayinəsi düzgün aparılarsa, kənardan dəvət olunmuş həkimlərin işi Əliyevi və vəkilləri qane edəcək. "Hər kəsin etibar etdiyi, güvəndiyi həkim tərəfindən müayinə olunmaq hüququ var. Fərhad Əliyevi müayinə edən həkimlər onun istədiyi həkimlər deyil" - deyə vəkil bildirib.

Ədliyyə Nazirliyinin Səhiyyə Baş İdarəsinin rəisi Rəfael Mehdiyev Trend ə açıqlamasında bildirib ki, sabiq iqtisadi inkişaf nazirinin səhhəti ilə bağlı ciddi narahatlığı yoxdur.

Nazirlik rəsmisinin sözlərinə görə, sabiq nazirin səhhəti ilə bağlı ciddi problemi olmadığından ona diaqnoz qoyulmayıb. İdarə rəisi Əliyevin vəkillərinin müraciəti ilə bağlı sabiq nazirin müayinəsi üçün kənardan mütəxəssislər dəvət olunacağını deyib.

Sabiq nazir fevralın 2-dən 48 saat müddətinə aclığa başlayıb.Sabiq nazir öz həkimi tərəfindən, yaxud başqa həkimlər tərəfindən, amma vəkillərinin iştirakı ilə hərtərəfli müayinə aparılmasını və müalicəsi üçün şərait yaradılması tələbi ilə fevralın 2-də iki günlük aclıq edib. Aksiyadan sonra onun səhhəti ağırlaşıb.

Vəkilləri sabiq nazirin ürək xəstəliyindən əziyyət çəkdiyini və səhhətinin ağır olduğunu bildirib.

Məhkəmənin hökmü ilə 10 il müddətinə azadlıqdan məhrum edilmiş Əliyev 2005-ci ilin oktyabrında dövlət çevrilişinə cəhd ittihamı ilə həbs edilib və sonradan ona qarşı iqtisadi cinayətlərdə iştirakı ilə bağlı ittiham irəli sürülüb.

Məhkəmənin hökmündən apellyasiya şikayəti verilib.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan - [email protected]

Xəbər lenti

Xəbər lenti