Azərbaycan, Bakı, 13 may /müx. TrendLife Günel Əhmədova/
Ülvi Cəfərovun başçılıq etdiyi "Şeron" qrupunu üzvləri ilə Rüstəm Zeynallının rəhbərlik etdiyi eyni adlı qrup üzvlərinin aralarında uzun sürən müharibə səngimək bilməsə də, televiziya verilişlərinin birində onların bir-birinə barışıq elan etdiyi açıqlandı. Hadisəyə TrendLife-da münasibətinin bildirən Rüstəm Zeynallı bunları söylədi: "Barışmağımızın elan olunmasına baxmayaraq, əks cəbhə ilə münasibətlərimiz yenə də yaxşı deyil. O, sadəcə bir çəkiliş idi. Xalq üçün maraqlı olduğundan bizdən xahiş etdilər, biz də həmin "rolu" oynamaq məcburiyyətində qaldıq. Əslində isə mənim onlarla barışmaq fikrim yoxdur, bundan sonra da olmayacaq. Aramızda baş verən gizlin mətləbləri ortalığa çıxarmaq istəmirəm, amma bu, bir reallıqdır ki, biz bu gün böyük problemlə üz-üzə qalmışıq. Bir ölkədə iki ad altında, iki qrupun fəaliyyət göstərməsi qanunsuzdur. Lakin vaxtilə biz bu məsələni qaldıranda bizə qulaq asan olmadı. Bizim vergilərlə böyük problemimiz yaranır. Əsas vergi ödəyicisi bizim qrup olduğundan Ülvigilin tədbirlərdən və konsertlərdən əldə etdiyi gəlir bizim üzərimizə yazılır. Biz də bu məbləği heç vaxt ödəməyəcəyik".
Qarşı tərəf deyilənlərə biganə qalmadı. Bu barədə danışan digər "Şeron"çu Ülvi Cəfərov qeyd etdi ki, dəfələrlə Rüstəm onların adından istifadə edərək söz-söhbət yaratmağa çalışıb: "Lakin indiyə qədər biz deyilənlərə göz yummuşuq. Bu, Rüstəmin üçüncü cəhdidir ki, bizim adımızı belə məsələlərdə hallandırır. Ümumiyyətlə, mən elə bir adam tanımıram, tanımaq da istəmirəm".