Azərbaycan, Bakı,19 may /müx. TrendLife Safura
Müğənni Mətanət Əsədova TrendLife müxbirinə məlumat verərək, solo konsertinin olacağını bildirib. Bu solo konsertin Azərbaycanın bir yox, bir neçə bölgəsində keçiriləcəyini deyən müğənninin ilk çıxışı Göycaydan başlayacaq:
"Göycaydan başlayıb, Şirvan bölgəsinin bütün rayonlarında solo konsert verəcəyəm. Sonuncu solo konsertim isə Bakıda olacaq. Bəri başdan deməliyəm ki, konsertim çoxlarının solo konsertlərindən fərqlənəcək. Birincisi mən canlı ifa edəcəyəm. Heç bir fonoqramdan söhbət gedə bilməz. Canlı korifey sənətkarlarımızın toxunulmaz əsərlərini səsləndirəcəyəm"-deyən Əsədova bir sirri də bizə açıqlayıb. Konsertində bir xanənədə ilə duet də nəzərdə tutulub. Bu xanənədənin kimliyini nədənsə sirr saxlayan Mətanət xanım bu günə qədər səsinə uyğun səsi tapmadığını bildirib:
"Mənim səsimə uyğun nəinki qadın heç kişi sənətçisini də tapa bilmirəm ki, onun ilə birlikdə duet oxuyum. Amma bir xanəndə var, ona böyük hörmət bəsləyirəm. Bax onun ilə birlikdə duet şəklində tamaşaçılar qarşısına çıxacağam. Hazırda başım elə məşqlərə qarışıb. Bir şeyi deyə bilərəm ki, tamaşaçılar mənim solo konsertimə gələndə, şou yox , əsl ifa görəcəklər. Bunu tam əminlik ilə deyirəm". Nə yağış nə külək məni qorxutmur deyən Mətanət Əsədova istənilən halda konsertinin canlı keçəcəyini söylədi.