Azərbaycan, Bakı, 24 iyun / Trend , müxbir R.Ergün/ Azərbaycanın futbol üzrə Premyer-Liqasının gümüş mükafatçısı - "Olimpik" klubu Moldova yığma komandasının kapitanı Sergey Laşenkovla müqavilə bağlayacaq. Bu barədə Trend -a "Olimpik" klubunun mətbuat xidməti məlumat verib.
Ukraynanın "Karpatı" klubunda forma geymiş Laşenkov müdafiəçi mövqeyində çıxış edir. "Olimpik" klubu onunla yanaşı, Litvadan olan futbolçu Yuri Vasiliyaskasla da müqavilə bağlamağa hazırlaşır. Hücumçu mövqeyində çıxış edən futbolçu "Olimpik"ə Litvanın "Jalgiris" klubundan dəvət olunub.
Mətbuat xidmətinin verdiyi məlumata görə, "Olimpik" bir müddət əvvəl transferə çıxardığı Samir Musayevi geri qaytarıb. Təcrübəli futbolçu klubla yeni müqavilə bağlayıb.
Azərbaycanı UEFA kubokunda təmsil edəcək "Olimpik" klubunun baş məşqçisi Əsgər Abdullayevdir.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]