Azərbaycan, Bakı, 11 iyul / Trend , müxbir R.Ergün/ Azərbaycanın çimərlik futbolu üzrə yığma komandası Bakıda keçiriləcək beynəlxalq turnirdə Braziliya, İspaniya və Fransa komandaları ilə qarşılaşa bilər. Bu barədə cümə günü Trend -a Azərbaycan Çimərlik Futbolu Federasiyasının (AÇFF) baş katibi Ceyhun Xəlilbəyli məlumat verib.
Azərbaycan yığması bu il iyulun 4 -də Avropa Liqası çərçivəsində, Fransanın Tin şəhərində bu ölkənin milli komandası ilə oynamalı idi. Bakıdakı Fransa səfirliyi azərbaycanlı çimərlik futbolçularının viza problemini həll etmədiyindən, görüş baş tutmadı. İndi Azərbaycan və Fransa komandalarının Bakıda keçiriləcək beynəlxalq turnirdə qarşılaşmaq imkanı yaranıb.
Xəlilbəyli deyib ki, turnir AÇFF-nın və Beynəlxalq Çimərlik Futbolu Federasiyasının (BÇFF) birgə təşkilatçılığı ilə keçiriləcək. "Turnirin oyunlarını idarə edəcək hakimlər Beynəlxalq Çimərlik Futbolu Federasiyası tərəfindən göndəriləcək" - deyə, baş katib əlavə edib.
Çimərlik futbolu üzrə beynəlxalq turniri başlaması sentyabrın əvvəlində başlanacaq.
Bakıda ilk dəfə keçiriləcək turnirdə altı və ya səkkiz ölkənin yığma komandasının iştirakı nəzərdə tutulub.