...

Azərbaycanın Mətbuat Şurası jurnalistlərin əfvi ilə bağlı prezidentə müraciət edib

Cəmiyyət Materials 14 İyul 2008 14:16 (UTC +04:00)
Azərbaycanın Mətbuat Şurası jurnalistlərin əfvi ilə bağlı prezidentə müraciət edib

Azərbaycan, Bakı, 14 iyul/ Trend , müxbir E.Babayev/ Azərbaycanın Mətbuat Şurası həbsdə olan üç jurnalistin əfv edilməsi xahişi ilə prezident İlham Əliyevə müraciət edib. "Biz ümid edirik ki, cənab prezident onların azadlığa çıxmasına yardımçı olacaq. Jurnalistlərin əvfi üçün müraciət məsələsi Azərbaycan jurnalistlərinin iyunun 20-də keçirilən V qurultayının qətnaməsinə də salınmışdı və prezidentə göndərilən müraciətə qurultayın qətnaməsi də əlavə edilib", bunu bazar ertəsi Trend -a Şuranın sədri Əflatun Amaşov bildirib.

Trend -un arayışı: İyulun 22-də Azərbaycanda Milli Mətbuat gününün növbəti ildönümü qeyd olunacaq. Hazırda Azərbaycanda "Azadlıq" qəzetinin baş redaktoru Qənimət Zahid, qəzetin əməkdaşı Mirzə Sakit, "Gündəlik Azərbaycan" və "Realnıy Azerbaydjan" qəzetlərinin baş redaktoru Eynulla Fətullayev həbsdədir. Zahid 2007-ci ilin noyabrından həbsdədir. 4 il müddətinə azadlıqdan məhrum edilib. Qəsdən sağlamlığa az ağır zərər vurmada və xuliqanlıqda günahlandırılıb. Sakit 2006-cı ilin iyunundan həbsdədir. 3 il həbs cəzası alıb. Qanunsuz narkotik maddə saxlamaqda ittiham olunub. Fətullayev 8 il 6 ay müddətinə azadlıqdan məhrum edib. Cəza müddəti 2007-ci ilin aprelindən hesablanır. Terrorçuluqla hədələmədə, qulluq mövqeyindən istifadə etməklə milli, irqi, sosial və ya dini nifrət və düşmənçilik salmada, külli miqdarda vergidən yayınmada təqsirli bilinib.

Amaşov bildirib ki, əfvin əsas şərtlərindən biri həbsdə olan jurnalistlərin əfv üçün prezidentə müraciət etməsidir. "Ancaq məndə həmin jurnalistlərin belə bir müraciət etməsi barədə dəqiq məlumat yoxdur. Bununla belə biz hesab edirik ki, cənab prezident jurnalistlərin əfvinə yardımçı ola bilər", deyə o bildirib.

Mətbuat Şurası 2003-cü ildə yaradılıb. Quruma yaranan gündən Amaşov sədrlik edir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti