...

Azərbaycanda medianın sərbəst fəaliyyəti üçün geniş şərait yaradılıb - Prezidentin İcra Aparatının şöbə müdiri

Cəmiyyət Materials 2 Sentyabr 2008 13:19 (UTC +04:00)

Azərbaycan, Bakı, 02 sentyabr / Trend , müxbir C.Babayeva/ Azərbaycan hakimiyyəti hesab edir ki, ölkədə medianın sərbəst fəaliyyəti üçün əlverişli mühit var.

"Azərbaycan prezidenti İlham Əliyev medianın sərbəst fəaliyyəti üçün geniş şərait yaradıb", - Asiya və Sakit okean ölkələrinin xəbər agentlikləri təşkilatının (OANA) İcra Komitəsinin çərşənbə axşamı Bakıda keçirilən 30-cu iclasında Prezidentin İcra Aparatının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov bildirib.

Onun fikrincə, qərəzli mövqedən çıxış etməmək və aşkarlıq müasir media məkanının mühüm və vacib aspektidir.

"Bu mühüm amil etimada əsaslanan beynəlxalq abu-hava yaratmağa kömək edir. Unutmamalıyıq ki, yer kürəsinin müəyyən hissəsi hələ də etnik ərazi münaqişələrinin məngənəsindədir. Bu münaqişələrin həllinin ləngiməsinin əsas səbəbi adətən media strukturlarının formalaşdırdığı kütləvi şüur və ictimai rəydir", - Aslanov əlavə edib. Şöbə müdiri hesab edir ki, siyasətçilər bəzən informasiya siyasətinin girovuna çevrilirlər.

Aslanovun fikrincə, dünya inteqrasiyası istiqamətində irəliyə doğru nə qədər çox addım atılsa, dini amillərin əhəmiyyətinin artmasını və mentalitetlə bağlı xüsusiyyətlərin güclənməsini daha aşkar müşahidə ediləcək. Bu baxımdan KİV cəmiyyətdə tolerantlığın daşıyıcısı kimi çıxış etməlidir.

"İnformasiyanın rolu getdikcə qlobal xarakter alır. Təəssüf ki, çox vaxt informasiya təhrif olunur və ya müəyyən geosiyasi mənafelərə xidmət edir. Real amillər isə nəzərə alınmır. Dünya birliyi, xüsusən media məkanı beynəlxalq hüquq normalarının pozulmasına, bir dövlətin digər dövlətin ərazisini işğalına laqeyd qalmamalıdır", - Aslanov deyib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti