Azərbaycan, Bakı, 17 oktyabr / Trend , müxbir R.Ergün/ Azərbaycanın qadın futbolçulardan ibarət "Gömrükçü" klubunun baş məşqçisi hesab edir ki, Azərbaycan və İran komandalarının Avropa səviyyəli beynəlxalq yarışlarda uğur qazanmaq şansı azdır.
"İranın qadın futbolçulardan ibarət komandası Asiyada keçirilən yarışlarda iştirak edə bilər. Amma həm Azərbaycan, həm də İran komandalarının Avropa səviyyəli beynəlxalq oyunlara qatılaraq, uğur qazanmaq şansı azdır", İran mətbuatına müsahibəsində "Gömrükçü"nun türkiyəli baş məşqçisi İbrahim Uzunca deyib.
Qadın futbolçulardan ibarət "Gömrükçü" komandası bir neçə gün əvvəl İranda, İslam ölkələri klublarının iştirakı ilə keçirilən çempionatda iştirak edərək, ikinci yeri tutub.
Uzunca İranda keçirilən çempionatın oyunlarını idarə edən qadın hakimlərdən narazı qaldığını bildirib.
"İranda qadın hakimlər oyun qaydaları ilə o qədər də yaxşı tanış deyillər. Təəssüf ki, oyunları idarə edən hakimlər də zəif idilər. İranlı qadın futbol hakimləri zəif cəhətlərini aradan qaldırmağa çalışmalıdırlar", - deyə Azərbaycan klubunun baş məşqçisi əlavə edib.
Uzunca vurğulayıb ki, İranın qadın futbolçulardan ibarət komandaları inkişaf etmək üçün hər gün iki dəfə məşq keçməli və təcrübəli məşqçilərin köməyindən istifadə etməlidirlər.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]