Azərbaycan, Bakı, 18 noyabr / Trend , müxbir C.Babayeva/ Azərbaycanın transsərhəd Kür və Araz çaylarının çirklənmə səviyyəsi normadan artıqdır.
Kür çayının Gürcüstan ərazisindən transsərhəd çirklənməyə məruz qalan məntəqələrində suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenol və mis birləşmələrinin yol verilən qatılıq həddini (YVQH) dəfələrlə keçməsi müşahidə olunur, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin transsərhəd çayların, həmçinin onların transsərhəd qollarının çirklənmə səviyyəsini öyrənmək məqsədilə noyabr ayının I ongünlüyü üçün həyata keçirdiyi növbəti monitorinqin nəicələrində göstərilib.
Monitorinqin nəticələrinə görə, Şıxlı-2 məntəqəsində suyun əsas çirkləndiricilərindən fenollar 3, mis birləşmələri 1.9, Ağstafaçayın Qazax məntəqəsində 1.6, Ağstafaçay su anbarında isə 2.1 dəfə yol verilən qatılıq həddini (YVQH) keçib. Buna səbəb Gürcüstan və Ermənistan ərazisindən təmizlənmədən birbaşa su obyektlərinə axıdılan məişət, heyvandarlıq və sənaye müəssisələrinin çirkab sularıdır.
Monitorinqin nəticələrinə görə, Ermənistan ilə transsərhəd olan Araz çayında da mis və fenolun miqdarı normadan dəfələrlə artıq müşahidə olunub. Suyun əsas çirkləndiricilərindən olan fenol və mis birləşmələri çayın Horadiz məntəqəsində 4, I Şahsevən və Bəhramtəpə məntəqələrində isə 3 dəfə yol verilən qatılıq həddini (YVQH) keçib.
Biogen maddələrdən nitrat və ammonium ionları norma daxilində olsa da, nitrit ionları Araz çayının Horadiz məntəqəsində 1.2, Bəhramtəpədə 1.4, I Şahsevəndə 1.8 dəfə yol verilən qatılıq həddini (YVQH) keçib. Bunun da əsas səbəbi Ermənistan ərazisindən axıdılan çirkab sulardır.
Suyun oksigen rejimi 5 dəfə, Ağstafaçayda fenollar 2, mis birləşmələri 5 dəfə, Ağstafaçay su anbarında isə fenollar 3, mis birləşmələri 2 dəfə yol verilən qatılıq həddini (YVQH) keçib.
Biogen maddələrdən ammonium ionları norma daxilində olsa da, nitrit ionları Kür çayının Şıxlı-2 bütün məntəqələrdə 6.05-8.19 mq/l arasında dəyişərək norma daxilində olub.
Trend -un arayışı: Transsərhəd su hövzələri problemlərinin beynəlxalq normalar çərçivəsində regional səviyyədə həlli üçün Azərbaycan "Transsərhəd çaylar və göllərin mühafizə və istifadəsi" adlı Helsinki konvensiyasını ratifikasiya edib. Ermənistan və Gürcüstanın bu konvensiyaya qoşulmaması problemi çətinləşdirir.
Məqalə müəllifi ilə əlaqə saxlamaq üçün ünvan: [email protected]