...

Bakıda partlayış zamanı zərərçəkən sakinlərə dövlət tərəfindən kompensasiyaların ödənilməsinə başlanılıb

Cəmiyyət Materials 30 Dekabr 2008 11:54 (UTC +04:00)
Bakıda partlayış zamanı zərərçəkən sakinlərə dövlət tərəfindən kompensasiyaların ödənilməsinə başlanılıb

Azərbaycan, Bakı, 30 dekabr, / Trend müxbir S.Kazımlı/ Bakıda partlayış zamanı zərərçəkən sakinlərə bu gündən dövlət tərəfindən kompensasiyaların ödənilməsinə başlanılıb. Sakinlər bu gündən həmin pulları ala bilərlər, çərşənbə axşamı Trend -a Nizami rayon İcra Hakimiyyətinin başçısının müavini, rayon fövqəladə hallar komissiyasının sədri Ərrəhman Həsənov  məlumat verib.

Trend -un arayışı: Dekabrın 13-də səhər saat 08:23 radələrində Nizami rayonu, Naxçıvanı 34 ünvanında, ticarət mərkəzinin qarşısında yerləşən yaşayış binasında partlayış baş verib. Hadisə zamanı ölən Tamila Əlirzayevanın və Vitalik Balametovun meyitləri dağıntılar altından çıxarılıb, xəsarət alan Əlirzayeva Aylin, Qurbanova Nurəstə Мəhəmməd qızı, Mahmudova Oksana Alekseyevna, Kərimov Ağamir İsa oğlu, Kərimov Şirxan Ataş oğlu, Mürsəlova Afət Hüseyn qızı paytaxtdakı xəstəxanalara yerləşdiriliblər.  Dekabrın 18-də xəsarət alan Qurbanova müalicə olunduğu 5 saylı xəstəxanada ölüb.

Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərоv hadisə günü billdirib ki, ilkin məlumatlara görə, partlayış qaz sızması nəticəsində baş verib. Heydərov deyib ki, buna dördüncü mərtəbədəki mənzillərdən birində təmir işlərinin aparılması səbəb ola bilər.

Bakı şəhər prokuroru Əziz Seyidov həmin gün Trend - a açıqlamasında faktla bağı Bakı şəhər Prokurorluğunda Azərbaycan Cinayət Məcəlləsinin tikinti, mədən və sair işlər aparılarkən təhlükəsizlik qaydalarının pozulmas, eytiyatsızlıqdan zərər çəkmiş şəxsin ölümünə ya digər ağır nəticələrə səbəb olduqda (222.3 - cü) maddəsi ilə cinayət işi başlanıldığını və istintaq aparıldığını deyib.

Zərərçəkən şəxslərin yerləşdirilməsi üçün rayon ərazisindəki 172 saylı uşaq bağçası boşaldılıb. 9 ay müddətində partlayış baş verən altı bloklu binanın üç bloku söküləcək və onun yerində beş mərtəbəli eyni mənzil sahəli bina tikiləcək. Həmin müddətdə sakinlərə dövlət tərəfindən kirayə mənzillər tutulacaq.

Binada baş verən partlayış zamanı sakinlərə 122 500 manat ziyan dəyməsi müəyyənləşib. Sakinlərə dövlət tərəfindən dəymiş ziyanın, onların müvəqqəti kirayə evlərin tutulması,  mənzillərdə əşyaların yararsız hala düşməsi, partlayış zamanı ölənlərin yaxınlarına və yaralanan şəxslərə verilməsi nəzərdə tutulub.

Həsənov bildirib ki, sakinlərə kompensasiyalar ödənilməsi üçün müvafiq dövlət qrumlarında sənədlər təsdiqlənib. "Artıq 122 500 manat Beynəlxalq Bankda sakinlərin adlarına açılan hesaba köçürülüb. Bu gündən sakinlər onlara ayrılan pulları oradan götürə bilərlər" fövqəladə hallar komissiyasının sədri əlavə edib.

Onun sözlərinə görə, partlayış zamanı 45 mənzilə ziyan dəyib, lakin onlardan cəmi 13 mənzilin sakinlərinə maddi ziyan dəyib. Bu baxımdan kompensasiyalar 13 mənzilin sakinlərinə ödəniləcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]



Xəbər lenti

Xəbər lenti