Azərbaycan, Gəncə, 06 fevral / Trend , müxbir V.Məmmədov/ Azərbaycanın futbol klublarının maliyyələşdirilməsi üçün Avropa təcrübəsi öyrənilir və yeni metod tətbiq ediləcək.
"Hazırda Azərbaycan klublarının maliyyələşdirilməsi üçün Avropa təcrübəsi öyrənilir. Bu proses artıq 8 aydır ki, davam edir", - Trend -un məlumatına görə, bunu Gəncədə yeni Regional Futbol Federasiyasının təqdimat mərasimində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) baş katibi Elxan Məmmədov deyib.
Məmmədov deyib ki, yeni metoda əsasən, klublar üçün hesab açılacaq və klubun həvəskarları ora vəsait köçürəcəklər. "Bu metod Avropada özünü doğruldub", - Məmmədov əlavə edib.
Mərasimdə AFFA-nın baş katibi ilə yanaşı, futbol veteranı, Regional Futbol Federasiyasının prezidenti İsgəndər Cavadov da iştirak edib.
Azərbaycan çempionatının növbəti mövsümündən etibarən, Gəncəni təmsil edən komandanın birinci dəstədə çıxış edəcəyi gözlənilir.
Azərbaycan çempionatında Gəncə şəhərini heç bir komanda təmsil etmir. Gəncəni təmsil edən "Gəncə" klubu 2005-ci ildə maliyyə problemlərinə görə dağılıb.
Tədbirdə iştirak edən Gəncə Futbol Federasiyasının yeni prezidenti Xanlar Fətiyev isə bildirib ki, şəhərdə futbolu dirçəltmək üçün ilk növbədə uşaq futboluna diqqət yetirmək lazımdır.
Tədbirin sonunda Gəncə futbol klubunun yeni sədri Elmir Əliyev ictimaiyyətə təqdim olunub.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]