...

AFFA-nın Milli Komandalar Departamentinin keçmiş rəisi bu gün yeni vəzifəsində işə başlayacaq

Cəmiyyət Materials 17 Fevral 2009 12:17 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 fevral / Trend , müxbir R.Ergün/ AFFA-nın Uşaq və Gənclər Futbol Yarışlarının Keçirilməsi və Təşkili Departamentinin rəisi Bəhruz Əsgərov yeni vəzifəsində işə bu gün başlayacaq.

"Hələ Departamentlə tanış olmamışam. Ona görə də indidən iş prinsiplərim barədə nəsə deyə bilmərəm. Departamentlə, iş strukturu ilə bu gün tanış olacağam", - çərşənbə axşamı Trend -a Əsgərov deyib.

Əsgərov uzun müddət Milli Komandalar Departamentinin rəisi vəzifəsində çalışıb. O, Milli Komandalar Departamentinin rəisi vəzifəsindən bir neçə gün əvvəl çıxarılaraq, Uşaq və Gənclər Futbol Yarışlarının Keçirilməsi və Təşkili Departamentinin rəisi vəzifəsinə təyin olunub.

Əsgərov Uşaq və Gənclər Futbol Yarışlarının Keçirilməsi və Təşkili Departamentinin ilk rəisi olacaq. Ona kimi bu departamentdə rəis vəzifəsi olmayıb.

AFFA rəsmisi bildirib ki, o, Milli Komandalar Departementinin rəisi vəzifəsindən assosiasiya rəhbərliyinin istəyi ilə çıxıb.

"AFFA rəhbərliyi yeni departamentdə fəaliyyət göstərməyimi istədi və mən də bu qərara qarşı çıxmadım" - Əsgərov əlavə edib.

Milli Komandalar Departamentinin rəisi vəzifəsinə yığma komandanın baş inzibatçısı İslam Abbasov təyin olunub.

Əsgərov deyib ki, Abbasov Milli Komandalar Departamentinin rəisi vəzifəsində müvəqqətidir.

"Milli Komandalar Departamentinə yeni rəisi təyin olunmayıb. Abbasov departamentə müvəqqəti olaraq rəhbərlik edir. Ona görə də onun hansı uğurlar əldə edə biləcəyi barədə nəsə deyə bilmərəm", - o deyib.

Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]

Xəbər lenti

Xəbər lenti