Azərbaycan, Bakı, 05 mart / Trend , müxbir K.Zərbalıyeva /
Prezident yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya martn 6-da 30 dövlət orqanında 889 vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün müsabiqə və müsahibə elan edir.
Dövlət Komissiyasından cümə axşamı Trend -a verilən məlumata görə, vakant dövlət qulluğu vəzifələrindən 639-u müsabiqəyə, 250-si isə müsahibəyə çıxarılır.
Müsabiqə və müsahibəyə çıxarılmış vakant vəzifələr Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi, İqtisadi İnkişaf Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Təhsil Nazirliyi, Dövlət Sosial Müdafiə Fondu, Dövlət Statistika Komitəsi, Gənclər və İdman Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Nəqliyyat Nazirliyi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və s. dövlət orqanlarındadır.
Müsabiqədə iştirak etmək istəyənlər sənədlərini 30 gün, müsahibədə iştirak etmək istəyənlər isə 20 gün müddətində Komissiyaya şəxsən və ya poçtla təqdim etməlidirlər.
"Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 28-ci maddəsinə uyğun olaraq müsabiqəyə çıxarılmış vakant dövlət qulluğu vəzifələrinin tutulma prosesi iki mərhələdən - test imtahanı və müsahibə mərhələlərindən ibarətdir. Müvafiq vəzifənin tələblərinə uyğun gələn, ali təhsilli hər bir Azərbaycan Respublikasının vətəndaşı müsabiqədə iştirak edə bilər.
"Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 29-cu maddəsinə uyğun olaraq müvafiq dövlət orqanı üzrə müsahibəyə çıxarılan vakant dövlət qulluğu vəzifələrinin tutulmasında həmin dövlət orqanında və ya digər dövlət orqanında həmin inzibati vəzifənin təsnifatından ən çoxu iki təsnifat aşağı inzibati vəzifələrdə çalışan dövlət qulluqçuları (qeyd edilən şəxslərin inzibati vəzifələrə uyğun ixtisas dərəcəsi olmalıdır), azı 5 il qulluq stajı olan və dövlət orqanında həmin vəzifənin təsnifatından ən çoxu iki təsnifat aşağı inzibati vəzifələrdə çalışmış şəxslər iştirak edə bilərlər.
Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]