...

Gürcüstanda yaşayan azərbaycanlıların gürcü dilini bilməsi vacibdir – Azərbaycanın təhsil naziri

Cəmiyyət Materials 7 Mart 2009 12:38 (UTC +04:00)
Gürcüstanda yaşayan azərbaycanlıların gürcü dilini bilməsi vacibdir – Azərbaycanın təhsil naziri

Azərbaycan, Bаkı, 07 mart / Trend , müxbir K.Zərbalıyeva /  

Gürcüstanda yaşayan azərbaycanlıların Gürcüstan cəmiyyətinə inteqrasiyası üçün gürcü dilini bilməsi vacibdir. Bunu şənbə günü jurnalistlərlə söhbətində təhsil naziri Misir Mərdanov deyib. Mərdanov bu məsələnin Gürcüstanın diaspor işləri üzrə dövlət naziri İulon Qoqaşidzenin bu günlərdə Bakıya səfər zamanı müzakirə edildiyini bildirib. "Gürcüstanda yaşamaq və orada yüksək vəzifə tutmaq üçün həmin dövlətin dilini bilmək vacibdir, lakin bunu planlı şəkildə həyata keçirmək lazımdır. Bunun üçün orada yaşayan azərbaycanlıların gürcü dilini öyrənməsi üçün kifayət qədər şərait yaradılmalıdır", - deyə Mərdanov bildirib.

Trend News-un arayışı: Gürcüstanda 228 Azərbaycan məktəbi fəaliyyət göstərir.

Azərbaycanın qeyri-hökumət təşkilatlarının qeyri-rəsmi məlumatlarına görə, Gürcüstanda təqribən 500 min azərbaycanlı yaşayır - əsasən Kvemo-Kartli (Borçalı) rayonunda.

Gürcüstan azərbaycanlıları dövlət dilinin öyrənilməsi, ana dilində təhsil almaq, torpaq sahələrinin alınması və onlara dövlət orqanlarında yüksək vəzifələrin verilməsi ilə bağlı problemlərdən şikayətlənirlər.

Nazirin sözlərinə görə, bu gün Gürcüstanda gürcü dilini mükəmməl səviyyədə bilən kifayət qədər azərbaycanlı olsa da, onlar vəzifələrə təyin olunmayıblar. "Təlim Azərbaycan dilində aparılan məktəblərə Azərbaycan dilini bilməyən gürcülərin məktəb direktoru təyin oluması məni çox narahat edir. Gürcüstanlı nazir və onun nümayəndə heyəti də bunu qəbul etdilər", - Mərdanov bildirib.

Nazir deyib ki, bu müzakirələr müsbət nəticələnəcək və problem tezliklə həll olunacaq.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti