...

Azərbaycanın İmişli rayonunun iki kəndində sutəmizləyici qurğu istifadəyə verilib

Cəmiyyət Materials 16 Mart 2009 15:27 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 mart / Trend , müxbir A. Hüseynbala /

Azərbaycanın İmişli rayonunda modul tipli sutəmizləyici qurğulara baxış keçirilib.

"İmişli rayonunun Məzrəli kəndində gün ərzində 80 m3, Muradallı kəndində isə gün ərzində 50 m3 su təmizləmə gücünə malik Cənubi Koreyanın "Hyundai" şirkətinin istehsalı olan ən müasir "osmos" texnologiyalı sutəmizləyici qurğular istifadəyə verilib. Qurğuların fəaliyyəti nəticəsində Məzrəli kəndinin 3380 nəfər əhalisi 17 bulaq, Muradallı kəndinin 2850 nəfər əhalisi isə 10 bulaq vasitəsilə təmiz içməli sudan istifadə edəcək", - bazar ertəsi Trend -a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.

"Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün Kompleks Tədbirlər Planı"na uyğun olaraq Azərbaycan Respublikası prezidenti tərəfindən 2007-ci il 20 iyun tarixində təsdiq olunmuş "Əhalinin ekoloji cəhətdən təmiz su ilə təminatının yaxşılaşdırılması ilə əlaqədar bəzi tədbirlər haqqında" Sərəncamda Kür və Araz çaylarının suyundan içməli su kimi istifadə edən bir sıra yaşayış məntəqələrinin ekoloji cəhətdən təmiz su ilə təmin edilməsi nəzərdə tutulub.

Sərəncamın icrası nəticəsində keyfiyyətli su imkanları məhdud olan 100 kənddə modul tipli sutəmizləyici qurğuların quraşdırılması hesabına 166 min kənd əhalisinə verilən su Ümumdünya Səhiyyə Təşkilatının normalarına uyğun təmizlənəcək.

Sərəncamın icrası olaraq artıq 2007-ci ildə Yevlax, Zərdab, Kürdəmir, İmişli, Sabirabad, Saatlı, Salyan və Neftçala rayonlarının içməli sudan əziyyət çəkən 50 yaşayış məntəqəsinin 55 mindən çox əhalisi təmiz içməli su ilə təmin olunub.

Hazırda Ağcabədi, Biləsuvar, Sabirabad, Kürdəmir, Yevlax, Zərdab, İmişli, Saatlı, Salyan, Neftçala, Naxçıvan MR-nın Babək və Şərur rayonlarının 50 yaşayış məntəqəsində qənaət olunmuş vəsait hesabına 10 kənd də əlavə olunmaqla, ümumilikdə 60 yaşayış məntəqəsində 140 min əhalinin keyfiyyətli su ilə təmin edilməsi istiqamətində işlər yekunlaşmaq üzrədir.

Xəbər lenti

Xəbər lenti