...

Azərbaycan gəncləri Azərbaycan reallıqlarını yeni ideyalarla dünya ictimaiyyətinə çatdıracaq – nazir

Cəmiyyət Materials 31 Mart 2009 13:30 (UTC +04:00)
Azərbaycan gəncləri Azərbaycan reallıqlarını yeni ideyalarla dünya ictimaiyyətinə çatdıracaq  – nazir

Azərbaycan, Bakı, 31 mart/ Trend , müxbir C.Babayeva /

Azərbaycan gənciləri Azərbaycan reallıqlarını yeni ideyalarla dünya ictimaiyyətinə çatdıracaq. Bu barədə çərşənbə axşamı Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov "Gənclər terrora qarşı" İnternet-aksiyasının startı zamanı bildirib.

"Üç il ardıcıl həyata keçirilən İnternet-aksiyanın köməkliyi ilə nüfuzlu beynəlxalq təşkilatlar, müxtəlif ölkələrin parlamentləri, səfirlik və digər təşkilatlar və strukturlar Ermənistan tərəfindən Azərbaycan xalqına qarşı məqsədyönlü şəkildə törədilən faciələr, soyqırımlar və terror aktları bəradə məlumatlandırılacaqlar. Belə aksiyalar müsbət bəhrə verir", - deyə Rəhimov bildirib.

Azərbaycan gəncləri çərşənbə axşamı 1918-ci il 31 mart tarixində Bakıda ermənilərin törətdiyi soyqırımın ildönümü ilə əlaqədar İnternet-aksiyaya başlayıblar.

"Gənclər terrora qarşı" şüarı altında keçirilən İnternet-aksiya Azərbaycan Gənclər və İdman Nazirliyinin dəstəyi və gənclər təşkilatlarının, o cümlədən ali və orta təhsil müəssisələrində təhsil alan tələbə və şagirdlərin fəal iştirakı ilə keçirilir. Aksiyaya Bakı Dövlət Universiteti, Dövlət Pedoqoji Universiteti, Dövlət İqtisad Universiteti, Azərbaycan Texniki Universiteti, Dövlət Neft Akademiyası, Azərbaycan Turizm İnstitutunun tələbələri və müxtəlif gənclər təşkilatlarının üzvləri qoşulublar.

Avropa Şurası, Avropa Parlamenti, BMT-nin müxtəlif strukturları, nüfuzlu beynəlxalq siyasi təşkilatlar, müxtəlif ölkələrin parlamentləri və beynəlxalq diplomatik korpusların üzvlərinə, yəni 15 mindən çox elektron ünvana 1918-ci il 31 mart tarixində ermənilər tərəfindən Azərbaycan ərazilərində həyata keçirilən kütləvi terror əməliyyataları barədə informasiya göndərilib.

1918-ci ilin mart ayında hakimiyyəti ələ keçirmiş daşnaklar S.Şaumyanın rəhbərliyi altında mart-aprel aylarında Bakı, Şamaxı və digər bölgələrdə on minlərlə günahsız azərbaycanlını amansızcasına qətlə yetiriblər. O zaman qardaş Türkiyə (Osmanlı İmperiyası) Azərbaycana yardım əlini uzadıb və bununla azərbaycanlılar kütləvi soyqırımdan xilas olublar.

31 mart - son əsrdə Azərbaycan xalqının tarixində baş verən faciəvi hadisələrin anım günüdür. Kütləvi qırğınlar və repressiyalarla bağlı faktları dünya tarixində XX yüzilliyin ən faciəvi səhifələrindən biri saymaq olar. Azərbaycan xalqının bu faciəvi tarixində "Böyük Ermənistan" xülyası ilə yaşayan erməni şovinizminin izi görünür.

Ümummilli lider Heydər Əliyevin 1998-ci ildə imzaladığı fərmana əsasən, 31 mart azərbaycanlıların Soyqırımı Günü kimi qeyd edilir.

Xəbər lenti

Xəbər lenti