...

Azərbaycanda mətbuata Dövlət Dəstəyi Fondunun yaradılmasının məqsədi azad medianı inkişaf etdirmək və jurnalistlərin sosial vəziyyətini yaxşılaşdırmaqdır - Prezident Administrasiyasının şöbə müdiri

Cəmiyyət Materials 6 Aprel 2009 12:40 (UTC +04:00)
Azərbaycanda mətbuata Dövlət Dəstəyi Fondunun yaradılmasının məqsədi azad medianı inkişaf etdirmək və jurnalistlərin sosial vəziyyətini yaxşılaşdırmaqdır - Prezident Administrasiyasının şöbə müdiri

Azərbaycan, Bakı, 06 aprel / Trend , müxbir E.Hüseynli /

Azərbaycan hakimiyyəti hesab edir ki, Kütləvi İnformasiya Vasitələrinin inkişafına Dövlət Dəstəyi Fondunun yaradılmasının məqsədi ölkədə fəaliyyət göstərən azad medianı inkişaf etdirməkdir.

"Dövlət Dəstəyi Fondunun yaradılmasının əsas məqsədi və fəlsəfəsi azad medianı inkişaf etdirmək, onu dəstəkləmək, mətbuatın maddi-texniki bazasını, o cümlədən mediada çalışan jurnalistlərin sosial vəziyyətinin yaxşılaşdırmasına xidmət göstərməkdir", - bazar ertəsi Trend -a Prezident Administrasiyasının İctimai-siyasi şöbəsinin müdiri Əli Həsənov bildirib.

Trend -un arayışı: Azərbaycan Prezidenti İlham Əliyev ötən həftə Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin inkişafına Dövlət Dəstəyi Fondunun yaradılması haqqında sərəncam imzalayıb.  

Sərəncama əsasən, Azərbaycan Prezidenti yanında KİV-lərin inkişafına Dövlət Dəstəyi Fondunun yaradılması da təsdiq olunub.

Nazirlər Kabinetinə Fondun fəaliyyətinin təşkili üçün yerlərin ayrılması və maddi-texniki təminat məsələlərinin həlli, bir ay ərzində xərclər smetasının tərtibi, ştat cədvəlinin hazırlanması, əməkdaşların sayının və məvaciblərinin təyin olunması və illik dövlət büdcəsi layihələrinin tərtibi zamanı KİV-lərin dövlət yardımı ilə təmin olunması tapşırılıb.   

Ədliyyə Nazirliyinə 15 gün müddətində Fondun dövlət qeydiyyatına alınması tapşırılıb.

Həsənov deyib ki, Fondun yaradılması son anlamda Azərbaycanda fikir, söz və məlumat azadlığı şəraitini yaxşılaşdırmaq, o cümlədən buna xidmət edən kütləvi informasiya vasitələrinə dövlət dəstəyini nəzərdə tutur.

Prezident Administrasiyasının şöbə müdiri əsasən hansı kateqoriyalı mətbuat orqanlarına dövlət dəstəyinin həyata keçirilməsi ilə bağlı təsnifatlar aparılmadığını deyib.

"Fondun əsasnaməsində, mövcud qanunvericilikdə mətbuatın bu cür bölgüsü, təsnifatı aparılmayıb. Ancaq ümumən, əsasən hansı mətbu orqanına dövlət dəstəyinin aparılacağını mətbuat ictimaiyyəti ilə müzakirə edəcəyik. Burda söhbət ondan gedir ki, Azərbaycanda söz, mətbuat, məlumat azadlığının inkişafına yardım göstərən əsas prinsip qəzet və informasiya agentliklərdir. Bunlar hansı dərəcədə mətbuatın inkişafına yardım göstərir və buna görə dövlət hansı dəstəyi göstərə bilər, hamısı müzakirə ediləcək və müəyyən təsnifatlar aparılacaq", - Həsənov əlavə edib.

Şöbə müdirinin sözlərinə görə, bütövlükdə dünyada söz, mətbuat və məlumat azadlığının əsas nümunəsi gündəlik nəşrlərdir.

"Ancaq elə nəşrlər var ki, gündəlik deyil, həftədə 2-3 dəfə çıxır, bunlara informasiya daşıyıcısı demək də düzgün deyil. Ona görə düşünürük ki, Azərbaycanın mətbuat nümunələrini bir daha saf-çürük etmək lazımdır və onların söz, məlumat azadlığı sahəsində fəaliyyətini nəzərə alaraq, dövlət dəstəyi həyata keçiriləcək", - Həsənov bildirib.

Trend -un arayışı: Son beş ildə Azərbaycanda 2600-dən çox, ötən ildə isə 298 mətbu nəşr qeydə alınıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti