...

Avropa Azərbaycanlıları Konqresinə yeni üzvlər qəbul olunub

Cəmiyyət Materials 15 Aprel 2009 13:20 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 aprel / Trend , müxbir C.Babayeva /

Avropa Azərbaycanlıları Konqresinin (AAK) Almaniyanın Frankfurt şəhərində keçirilən III qurultayında quruma yeni üzvlər qəbul olunub.

AAK-nin yeni üzvləri Gürcüstan Azərbaycanlılarının Mədəniyyət Mərkəzi, Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzi ,"Vahid Azərbaycan" Cəmiyyəti, Frankfurt Azərbaycan Cəmiyyəti, Bolqarıstan-Azərbaycan Dostluq Cəmiyyəti, "Vətən" cəmiyyəti, "Ocaq" Latviya-Azərbaycan Mədəniyyət Mərkəzi, Norveç "Azərbaycan" Gənclik Assosiasiyası, Polşa Azərbaycanlıları Assosiasiyası, "Dostluq" Ukrayna-Azərbaycan cəmiyyəti və İsveçrə Azərbaycanlıların Mədəniyyət Mərkəzidir, - Diasporla İş üzrə Dövlət Komitəsinin çərşənbə günü yaydığı məlumatda bildirilib.   

Konqresin növbəti qurultaya qədər fəaliyyət proqramında nəzərdə tutulur ki, Avropa ölkələrində AAK-a üzv təşkilatların fəaliyyətini əlaqələndirən koordinasiya mərkəzləri yaradılsın və mərkəzə bir nəfər əlaqələndirici şəxs təyin edilsin. Qurultayda qəbul olunmuş qətnaməyə əsasən, AAK-ın strukturunda da dəyişiklik edilib. Avropa Azərbaycanlıları Konqresinin fəaliyyətinin operativliyini, qəbul ediləcək qərarların icrasını təmin etmək məqsədilə edilən dəyişikliklərə görə iki birinci vitse-prezident və beş vitse-prezident vəzifələri təsis edilib. Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının sədri Bilal Dündar və Benilüks Azərbaycanlıları Konqresinin fəxri prezidenti Sahil Qasımov I vitse-prezidentlər, Belarus Azərbaycan İcmaları Konqresinin sədri Natiq Bağırov, Estoniya Parlamentinin üzvü Eldar Əfəndiyev, Ukrayna Azərbaycanlıları Konqresinin sədri Akif Gülməmmədov, Srtasburq Azərbaycan Evinin rəhbəri Mustafa Alınca, Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzinin rəhbəri Samirə Patzer-İsmayılova isə vitse-prezidentlər seçiliblər. Daha sonra 27 nəfərdən ibarət İcraiyyə Komitəsinin tərkibi təsdiqlənib.

Mayns-Azərbaycan Cəmiyyətinin sədri, Dünya Azərbaycanlıları Əlaqələndirmə Şurasının İdarə Heyəti sədrinin müavini, əvvəlki tərkibdə AAK-ın I vitse-prezidenti olan Başar Kömür qurultayda AAK-ın prezidenti seçilib.

Qurultayda Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov Avropa Azərbaycanlıları Konqresinin gənclər qolunun gücləndirilməsi, konqresdə təmsil olunan təşkilatların ətrafınfakı gənclərin potensialından, imkanlarından səmərəli istifadə məqsədilə təşkilat komitəsi yaradılması təklifi ilə çıxış edib.  Qurultay bu işin təşkilini və qısa müddətdə gənclərin forumunun keçirilməsini Norveçdəki Azərbaycanlı Gənclər Assosiasiyasının sədri Ramin Əliyevə həvalə edib.

Trend -un arayışı:  Avropa Azərbaycanlıları Konqresi 2004-cü il aprelin 17-də Berlində keçirilən toplantıda təsis edilib. Qurumun yaradılmasında əsas məqsəd Avropa ölkələrində məskunlaşmış soydaşlarımızın tarixi Vətənləri ilə əlaqələrinin daha da möhkəmləndirilməsi, dünya azərbaycanlıları arasında mənəvi, siyasi birliyin və həmrəyliyin təmin olunması, onların milli, sosial və vətəndaş hüquqlarının müdafiəsi, milli-mənəvi dəyərlərin birgə qorunması və Azərbaycan icma və birliklərinin regionda fəaliyyətlərinin əlaqələndirilməsi olub. Qurumun keçmiş prezidenti Natiq Ağamirovdur.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti