...

Estoniyada "Azərbaycanlılar" dərsliyinin təqdimatı olub

Cəmiyyət Materials 23 Aprel 2009 17:14 (UTC +04:00)
Estoniyada "Azərbaycanlılar" dərsliyinin təqdimatı olub

Azərbaycan, Bakı, 23 aprel / Trend , müxbir C.Babayeva /

Estoniyada Azərbaycan xalqı, dövlətçilik tarixi, mədəniyyəti, təbiəti, mətbəxi haqqında məlumatları əks etdirən "Azərbaycanlılar" kitabının təqdimatı olub.

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən çərşənbə günü Trend -a bildirilib ki, eston dilində nəşr olunmuş "Azərbaycanlılar" kitabı Estoniya Respublikasının Təhsil Nazirliyinin tədris proqramına əsasən tərtib edilib.

Kitabı Təhsil Nazirliyinin sifarişi və maliyyə dəstəyi ilə Estoniya İnteqrasiya Fondu çap edib. Nazirliyin "Estoniyada yaşayan milli azlıqlarla tanışlıq" layihəsi çərçivəsində hazırlanan kitabın muəllifi Estoniyadakı Həftəsonu Azərbaycan məktəbinin rəhbəri Sərvinaz Kərimova və məktəbin müəlliməsi Sənəm Əliyevadır. Estoncaya tərcüməni isə İta Serman edib. "Aydan" Estoniya-Azərbaycan Mədəniyyət Mərkəzinin sədri Niyazi Hacıyev bildirib ki, "Azərbaycanlılar" kitabı litvalılar və ruslardan sonra Estoniyadakı milli azlıqlar haqqında nəşr olunan üçüncü kitabdır.

Azərbaycanı və xalqımızı estonlara tanıtmaq məqsədi daşıyan kitabda milli bayramlar və matəm günləri haqqında da məlumat var.

Bu nəşrdə Qarabağ münaqişəsinə, eləcə də 20 yanvar faciəsi, Xocalı soyqırımı və 31 Mart - Azərbaycanlıların Soyqırımı barədə məlumata da geniş yer ayrılıb.

15 000 tirajla nəşr olunmuş kitab artıq kütləvi kitabxanalara və məktəblərə təqdim olunub.

Təqdimat mərasimində çıxış edənlər kitabın bu ölkədə yaşayan azərbaycanlıların eston cəmiyyətinə inteqrasiyasını daha da sürətləndirəcəyini qeyd ediblər.

Kitabda istifadə olunan materialların toplanmasında Diasporla İş üzrə Dövlət Komitəsi kömək göstərib. 

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti