Azərbaycan, Bakı, 17 iyun / Trend , müxbir A.Hüseynbala /
Azərbaycanın müxalif partiyalarının təmsil olunduğu hərəkat İranda keçirilən prezident seçkisindən sonra demokratiya və azad seçkilər uğrunda başlanan mübarizəni dəstəkləyirlər.
"Biz İranda insanlara qarşı törədilən cinayətləri qətiyyətlə pisləyirik", - çərşənbə axşamı Trend -a Ümid Partiyasından verilən məlumata görə, "Qarabağ və Respublika Uğrunda Hərəkat"ın toplantısında bildirilib.
Trend -un arayışı: İran Prezidenti Mahmud Əhmədinejad və onun əsas opponenti Mir Hüseyn Müsəvinin tərəfdarları arasındakı bazar ertəsi gecə baş vermiş toqquşma nəticəsində 25 nəfər həlak olub.
İyunun 12-də keçirilən prezident seçkisində hazırki prezident Əhmədinejadın 63,6 faiz səs çoxluğu ilə qalib gəldiyi elan edilib.
Hərəkatın bəyanatında qeyd edilir ki, öz demokratik hüquqlarının müdafiəsi uğrunda İran xalqının apardığı mübarizənin uğurlu nəticəsi regiondakı münasibətlərə də müsbət təsirini göstərəcək.
"Qarabağ və Respublika Uğrunda Hərəkat"ı bu il martın 18-də keçirilən referendum ərəfəsi Azərbaycan Xalq Cəbhəsi, Vətəndaş və İnkişaf, Liberal, Demokrat, Müsavat və Ümid partiyaları, eləcə də bir neçə ictimai təşkilat təsis edib.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]