...

Azərbaycan ombudsmanı beynəlxalq təşkilatları işğal və etnik təmizləməyə qarşı mübarizədə səyləri birləşdirməyə çağırıb

Cəmiyyət Materials 25 İyun 2009 16:22 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 iyun / Trend , müxbir C.Babayeva /

Azərbaycan ombudsmanı Elmira Süleymanova cümə axşamı beynəlxalq təşkilatları bütün dünyada sülhün və ədalətin bərqərar olması üçün səylərini birləşdirməyə çağırıb. 

"Ermənistan tərəfindən ərazisinin 20 faizi işğala, əhalisi etnik təmizləməyə və bəşər tarixində misli görünməmiş işgəncələrə məruz qalmış Azərbaycan üçün bu məsələlər xüsusi əhəmiyyət kəsb edir. Ermənistanın beynəlxalq normalara, hamılıqla qəbul olunan prinsiplərə sığmayan ərazi iddiaları və təcavüzü, etnik təmizləmə siyasəti yürütməsi nəticəsində bu gün Azərbaycanda öz doğma yurd-yuvasından didərgin düşmüş bir milyon qaçqın və məcburi köçkün yaşayır", - ombudsmanın 26 iyun - İşgəncə Qurbanlarına Beynəlxalq Dəstək Günü münasibətilə yaydığı bəyanatında bildirilib.

Trend -un arayışı: İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

Ombudsman işgəncə və digər qəddar, qeyri-insani, ləyaqəti alçaldan rəftar və ya cəzalara qarşı birgə mübarizə aparmağın zəruri olduğunu vurğulayıb. "İşgəncə və digər ağır cinayətlər törədənlərin cəzasız qalması onları bu qəbildən olan yeni cinayətlər törətməyə sövq edir. Bu məsələdə beynəlxalq təşkilatların, dünya ictimaiyyətinin daha kəskin və sərt mövqe tutacağına ümid bəsləyirik", - ombudsman bildirib.

Bəyanat BMT-nin Baş katibi, Baş katibin müavini, Uşaqlar və silahlı münaqişələr problemi üzrə xüsusi nümayəndəsi, BMT-nin İnsan hüquqları üzrə ali komissarı, ATƏT, Avropa Şurası, Beynəlxalq və Avropa Ombudsmanlar İnstitutları, Asiya Ombudsmanlar Assosiasiyası, Beynəlxalq Sülh Bürosu, Universal Sülh Federasiyası, müxtəlif ölkələrin ombudsmanları, Azərbaycanın xarici ölkələrdəki, xarici ölkələrin Azərbaycandakı səfirlikləri və Azərbaycanın diaspor təşkilatlarına təqdim olunacaq.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti