Azərbaycan, Bakı, 02 sentyabr / Trend , muxbir H.Bağırırov /
Azərbaycanda bir sıra musiqi məktəbləri və gimnaziyalarda işləyən pedaqoji işçilərin adına saxta diplomların, arayışların yazılmasında təqsirləndirilən direktorun məhkəməsi başlayıb.
Trend -un məlumatına görə, çərşənbə günü Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə Yevlax şəhər 1 saylı Musiqi Məktəbinin direktoru Bəylər Ağalar oğlu Bəylərovun və Yevlax şəhər sakini İlham Fərzəli oğlu Fərzəliyevin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.
Bəylərov Cinayət Məcəlləsinin rüşvət alma (311.3.1) və rəsmi sənədləri saxtalaşdırma, hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə (320.1), Fərzəliyev isə göstərilən maddələrlə yanaşı, dələduzluq (178.2.4) maddəsi ilə ittiham olunurlar.
Maliyyə Nazirliyi tərəfindən aparılan araşdırmalar nəticəsində məlum olub ki, adıçəkilən şəxslər respublikanın şəhər və rayonlarında fəaliyyət göstərən musiqi məktəbləri və gimnaziyalarda işləyən pedaqoji işçilərdən 172 nəfərin adına saxta diplom və 4 nəfərin adına saxta arayış tərtib ediblər.
Həmin diplom və arayışlar əsasında musiqi məktəbləri və gimnaziyalarda işləyən müəllimlərə qanunsuz olaraq ümumilikdə 692 567 manat əmək haqqı ödənilməsi aşkar olunub.
Baş prokuror yanında korrupsiyaya qarşı mübarizə idarəsi tərəfindən aparılmış istintaqla müəyyən edilib ki, Gəncə Musiqi Texnikumunun adından verilmiş və rayon musiqi məktəblərindən götürülmüş 1126 ədəd diplomdan 101-i və 3 arayış, Azərbaycan Milli Konservatoriyasının nəzdində fəaliyyət güstərən Musiqi Kollecinin adından verilmiş 533 diplomdan 31-i, Naxçıvan Musiqi Texnikumunun adından verilmiş 20, Sumqayıt Musiqi Texnikumunun adından verilmiş 8 diplom və ümumilikdə 172 şəxsin adına rəsmiləşdirilmiş diplom və arayışlar həmin musiqi müəssisələri tərəfindən verilməyib.
İstintaq müəyyən edib ki, müəllimlərin bir qismi musiqi texnikumu və kolleclərini bitirmələri barədə saxta diplomları Yevlax şəhər 1 saylı Musiqi Məktəbinin direktoru Bəylərov və Fərzəliyevdən alıblar.
Məqalə müəllifi ilə əlaqə unvanı:[email protected]