Azərbaycan, Bakı, 15 dekabr, / Trend , müxbir T.Cəfərov/
Qafqaz Müsəlmanlar İdarəsinin Qazilər Şurası (QMİ) Məhərrəmlik ayı ilə bağlı bu gün fətva verib.
Trend -un məlumata görə, fətvaya əsasən, Məhərrəm ayı dekabrın 18-də başlayır. Aşura günü dekabrın 27-dədir.
"İmkan daxilində hər yerdə mərasimləri yüksək səviyyədə keçirməyə nail olmalıyıq. Həmin mərasimlərdə xalqa doğru yol göstərmək lazımdır. Aşura günü məscidlərdə, ibadəd ocaqlarında ictimai asayiş qaydalarına riayət olunmaqla keçirilməli, təziyə məclislərində Kərbala şəhidlərinin ruhuna xütbələr oxunmalıdır", - fətvada deyilib.
Məhərrəm ayı Hicri Qəməri təqvimi ilə İslam dininin birinci ayıdır. Bu ayın Aşura günündə İmam Hüseyn Əleyhissalam və yaxınları Yəzid ibn Müaviyyənin qoşunları tərəfindən qətlə yetirilib.
"Aşura günü zəncir vurub bədənə xəsarət yetirmək yolverilməzdir, müqəddəs məkanlarda nizam-intizam pozulmamalıdır. Son illər təziyyə günündə idarənin təşəbbüsü ilə keçirilən qanvermə aksiyaları ən münasib təziyədarlıq nümunəsi kimi örnək olmalıdır", - fətvada deyilib.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]