Azərbaycan, Bakı, 16 fevral / Trend , müxbir T.Cəfərov/
Azərbaycan şahmatçısı Azər Mirzəyev İranın Rəşt şəhərində keçirilən 8-ci "Xəzər Kuboku" beynəlxalq şahmat turnirinə liderlik edir. Turnirdə çıxış edən Azərbaycan şahmatçısı Azər Mirzəyev Ermənistan nümayəndəsi, beynəlxalq usta Samuel Tersahakyan üzərində qələbə qazanıb və dörd turdan sonra yüz faiz nəticə göstərərək (4 xal) turnirin yeganə lideridir. Bu barədə Trend İranın İRNA xəbər agentliyinə istinadən məlumat yayıb.
İranın Gilan əyalətinin Rəşt şəhərində "Beynəlxalq Xəzər Kuboku" şahmat yarışları fevralın 11-dən keçirilir. Yarışda 10 ölkədən - Azərbaycan, Rusiya, Türkiyə, Hindistan, Gürcüstan, Türkmənistan, Ermənistan, Litva, Ukrayna və İrandan 1000 şahmatçı iştirak edir.
Yarışlar fevralın 18-dək davam edəcək. Yarışa 27 beynəlxalq dərəcəli hakim nəzarət edir.
Turnirdə ümumilikdə beynəlxalq usta dərəcəli 80 idmançı iştirak edir.