...

Azərbaycanda qanunsuz çöl quşlarının satışı ilə bağlı reydlər keçirilib

Cəmiyyət Materials 5 Mart 2010 11:33 (UTC +04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları İmişli, Biləsuvar və Lənkəran rayonlarının magistral yol kənarlarında, eləcə də yerli bazarlarında qanunsuz yolla əldə edilmiş çöl quşlarının satılması hallarının qarşısının alınması məqsədilə reyd keçiriblər.
Azərbaycanda qanunsuz çöl quşlarının satışı ilə bağlı reydlər keçirilib

Azərbaycan, Bakı, 5 mart / Trend , müxbir M.Əliyev/

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları İmişli, Biləsuvar və Lənkəran rayonlarının magistral yol kənarlarında, eləcə də yerli bazarlarında qanunsuz yolla əldə edilmiş çöl quşlarının satılması hallarının qarşısının alınması məqsədilə reyd keçiriblər.

Cümə günü nazirliyin mətbuat xidmətindən Trend -a bildiriblər ki, Qızılağac Dövlət Təbiət Qoruğunun yasaqlıq sahəsi sayılan Kiçik Körfəz ərazisində aparılan reyd zamanı qoruğun əməkdaşları tərəfindən 8 ədəd ov silahı, 130 patron, 1 ədəd motorlu qayıq, 97 ədəd axçalı balıq toru və qanunsuz yolla ovlanmış 10 baş qu quşu brakonyerlərdən götürülərək qanunamüvafiq qaydada sənədləşdirilib.

Lənkəran rayonu Qumbaşı kənd ərazisində 1 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsi ilə yerli polis şöbəsi əməkdaşlarının birgə keçirdikləri reyd zamanı qanunsuz yolla əldə edilmiş çöl quşları satan vətəndaşlardan 36 baş qaşqaldaq quşu götürülüb və barələrində akt tərtib olunub. Həmin quşlar Lənkəran rayon Baytarlıq Xidmətində müayinə edildikdən sonra yandırılıb.

Sarısu, Şərbət Qobu və Zəvvar ovçuluq təsərrüfatlarında keçirilən reyd zamanı qanunsuz ov edən vətəndaşlardan 4 ədəd ov silahı, qamışlıq ərazidən isə sahibsiz 14 ədəd brakonyer qayığı aşkar edilərək maddi sübut kimi götürülüb.

Xəbər lenti

Xəbər lenti