...

Azərbaycanın Ombudsmanı "Diffamasiya haqqında" qanun layihəsinin qəbulunun tərəfdarıdır

Cəmiyyət Materials 2 Aprel 2010 14:00 (UTC +04:00)
Azərbaycanın Ombudsmanı "Diffamasiya haqqında" qanun layihəsinin qəbulunun tərəfdarı olduğunu bildirib.
Azərbaycanın Ombudsmanı "Diffamasiya haqqında" qanun layihəsinin qəbulunun tərəfdarıdır

Azərbaycan, Bakı, 2 aprel /Trend, müxbir A.Hüseynbala/

Azərbaycanın Ombudsmanı "Diffamasiya haqqında" qanun layihəsinin qəbulunun tərəfdarı olduğunu bildirib.

"Şərəf, ləyaqət və işgüzar nüfuzun qorunması, o cümlədən, fikir və söz azadlığına hörmət və eləcə də, sağlam və əsaslı tənqidə münasib şəraitin yaradılması demokratik dəyərləri özündə cəm edən hər bir dövlətin ümdə vəzifələrindən sayılır", - Trend-in məlumatına görə, Milli Məclisin bu gün keçirilən iclasında Ombudsman Elmira Süleymanova 2009-cu ilin yekunları ilə bağlı hesabatında deyib.

Trend -un arayışı: "Diffamasiya haqqında" qanun layihəsi 2005-ci ildə ATƏT-in Bakı ofisinin dəstəyi ilə hazırlanıb. Onu hazırlayan işçi qrupa millət vəkillləri Qənirə Paşayeva, Azay Quliyev, jurnalist təşkilatlarının nümayəndələri, hüquqşünaslar daxildir.

Beynəlxalq təşkilatlar hesab edirlər ki, təhqirə və böhtana görə cinayət məsuliyyəti nəzərdə tutulan 147-ci (böhtan) və 148-ci (təhqir) maddələri Cinayət Məcəlləsindən çıxarılmalıdır.

"Diffamasiya haqqında" qanun layihəsinin qəbulu ilə bağlı 2009-cu ilin mayında 6 jurnalist təşkilatı - Azərbaycan Jurnalistlər Birliyi, Nəcəf Nəcəfov Fondu, Jurnalistika və İnkişaf Mərkəzi, "Yeni Nəsil" Jurnalistlər Birliyi, Azərbaycan Media Mərkəzi və Demokratik Jurnalistlər Liqası Parlamentə müraciət etmişdi. Sonradan həmin müraciətə 400-ə yaxın KİV nümayəndəsi, jurnalist təşkilatlarının üzvləri də qoşulub. Qanun layihəsi ATƏT-in ekspertizasından keçirilib.

"İnsanın ləyaqəti hər şeydən üstündür, bu səbəbdən "Diffamasiya haqqında" qanunun qəbulu hazırkı şəraitdə yolverilməzdir", - Trend-in məlumatına görə, cümə günü Milli Məclisdə Ədalət Partiyasının sədri, millət vəkili İlyas İsmayılov bilıdirib.

Onun fikrincə, bu qanunun qəbulu Azərbaycanda mətbuatla cəmiyyət arasında daha ciddi qarşıdurmanın yaranması ilə nəticələnə bilər.

"Bu qanun Avropanın bir sıra ölkələrində qəbul olunmadığı halda, biz niyə layihəni müzakirəyə çıxarmalıyıq?", - Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov bildirib.

Birinci vitse-spiker deyib ki, bu qanunu, ilk növbədə, həmin Avropa dövlətləri qəbul etdikdən sonra, layihənin müzakirəyə çıxarılması Azərbaycan hökuməti qarşısında şərt kimi irəli sürülə bilər.

"Azərbaycandan bu qanunu tələb edənlər ölkəmizdə xaos yaradılmasında maraqlıdırlar", - Əsgərov əlavə edib.

Xəbər lenti

Xəbər lenti