...

Azərbaycanda yaylaq, qışlaq və meşələrin idarə edilməsinin yaxşılaşdırılması məqsədilə BMT ilə birgə layihə həyata keçiriləcək - ekologiya naziri

Cəmiyyət Materials 15 May 2010 13:54 (UTC +04:00)
Nazir bildirib ki, Azərbaycanda torpaq sahələrinin 11 faizi meşə, 56 faizi dövlət torpaq ehtiyat fonduna aiddir. Bu torpaqlar icarə müqaviləsi ilə fermerlərə icarəyə verilir.
Azərbaycanda yaylaq, qışlaq və meşələrin idarə edilməsinin yaxşılaşdırılması məqsədilə BMT ilə birgə layihə həyata keçiriləcək - ekologiya naziri

Azərbaycan, Bakı, 15 may /Trend, müxbir K.Zərbalıyeva/

Ekologiya və Təbii Sərvətlər Nazirliyi BMT-nin İnkişaf Proqramı (UNDP) ilə birgə qışlaq, yaylaq və meşələrin idarə edilməsinin yaxşılaşdırılması məqsədilə layihə həyata keçirəcək. Bu barədə ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov şənbə günü keçirilən mətbuat konfransında məlumat verib.

Nazir bildirib ki, Azərbaycanda torpaq sahələrinin 11 faizi meşə, 56 faizi dövlət torpaq ehtiyat fonduna aiddir. Bu torpaqlar icarə müqaviləsi ilə fermerlərə icarəyə verilir.

O qeyd edib ki, qoyunçuluq və maldarlıq təsərrüfatı ilə məşğul olan fermerlər mal-qaranın sayını artırdıqca, otlaq sahələri daha çox deqradasiyaya uğrayır.

Nazirin sözlərinə görə, Azərbaycanda 8 milyondan çox qoyun, 3 milyondan çox iribuynuzlu mal-qara var. 1 hektara düşən qoyun və mal-qaranın sayı normadan dəfələrlə çoxdur. "Bu sıxlıq Göygöl rayonunda 1 hektara 40-dan, Goranboyda 16-dan çox, Beyləqanda 15, Samuxda isə 13 baş təşkil edir", - o deyib.

"SSRİ dövründə norma var idi ki, bir hektar ərazidə 1-2, dağlarda isə 2-3 qoyun saxlamaq olar. Bu normaya görə, işğal altında olan torpaqları çıxsaq, Azərbaycanda hazırda qışlaqda 1,9 milyon, yaylaqda isə 2,8 milyon baş qoyun saxlamaq olar", - nazir vurğulayıb. - "Mal-qaranın çoxluğu digər heyvanların yem ehtiyatını azaldır".

Bağırov bildirib ki, Azərbaycanda 8 minə yaxın canavar, 400 minə yaxın çoban iti var. "Əgər Azərbaycanda şir, pələng kimi canavarların da məhv olmasını istəmiriksə, o zaman bu məsələyə diqqət yetirmək lazımdır", - nazir deyib.

Layihənin başlanğıc mərhələdə olduğunu deyən BMT-nin İnkişaf Proqramının rezident əlaqələndiricisi vəzifəsini müvəqqəti icra edən Nura Həmləci bildirib ki, Qlobal Ekologiya Fonduna maliyyə ayrılması üçün müraciət olunacaq. İcrasına 1 ildən sonra başlanılacaq layihə pilot olaraq bir neçə ərazidə həyata keçiriləcək. Layihənin nəticələri özünü doğruldarsa, bu, digər ərazilərdə də tətbiq olunacaq.

Həmləci bildirib ki, maldarlıq və qoyunçuluqla məşğul olan fermerlər bu fəaliyyətlə mütəmadi məşğul olmaq istəyirlərsə, o zaman bu layihənin icrasına dəstək olmalıdırlar.

Layihə torpaqların deqradasiyaya uğramasının və çox istifadə olunmasının qarşısının alınmasına, meşə, yaylaq, qışlaq torpaqlarının yaxşı idarə olunmasına imkan verəcək.

BMT-nin İnkişaf Proqramı dünyanın 45 ölkəsində torpaqların deqradasiyaya uğramasının qarşısını almağa kömək edən layihələr həyata keçirir.

Proqramın eksperti Cefri Qrifin isə bildirib ki, onlar Azərbaycan tərəfini lazımı avadanlıq, proqramlarla təmin edəcək, müxtəlif ölkələrdə əldə olunmuş qabaqcıl təcrübəni Azərbaycana gətirəcəklər.

"Layihə meşə və otlaqların təbii sağlamlığının qorunması və bərpasına, otlaqların həddən artıq istifadə olunmasının və torpaq eroziyasının qarşısını almağa kömək edəcək", - ekspert vurğulayıb.

Xəbər lenti

Xəbər lenti