...

Azərbaycanda gələn il dövlət qulluğuna qəbulla bağlı beynəlxalq konfrans keçiriləcək

Cəmiyyət Materials 23 İyun 2010 13:29 (UTC +04:00)
Trend-in məlumatına görə, bu barədə çərşənbə günü Dövlət İdarəçilik Akademiyasında "Azərbaycanda dövlət qulluğunun hüquqi, mənəvi-psixoloji əsasları" mövzusunda keçirilən elmi-praktik konfransdakı çıxışında Prezident yanında Dövlət Qulluğu Məsələləri Üzrə Komissiyanın sədri Bəhram Xəlilov bildirib.
Azərbaycanda gələn il dövlət qulluğuna qəbulla bağlı beynəlxalq konfrans keçiriləcək

Azərbaycan, Bakı, 23 iyun /Trend, müxbir K. Zərbalıyeva/

Azərbaycanda gələn ilin sonunadək dövlət qulluğuna qəbulla bağlı beynəlxalq konfrans keçirilməsi nəzərdə tutulub.

Trend-in məlumatına görə, bu barədə çərşənbə günü Dövlət İdarəçilik Akademiyasında "Azərbaycanda dövlət qulluğunun hüquqi, mənəvi-psixoloji əsasları" mövzusunda keçirilən elmi-praktik konfransdakı çıxışında Prezident yanında Dövlət Qulluğu Məsələləri Üzrə Komissiyanın sədri Bəhram Xəlilov bildirib.

Komissiya sədri deyib ki, Azərbaycanda dövlət qulluğuna mərkəzləşdirilmiş qaydada aparılan qəbul bir sıra xarici ölkələrin marağına səbəb olduğundan, "Mərkəzləşdirilmiş qaydada dövlət qulluğuna qəbul: təcrübə və problemlər" mövzusunda keçiriləcək konfransda xarici ölkələrin bu sahədəki təcrübəsi bölüşdürüləcək, problemlər müzakirə olunacaq.

Xəlilovun sözlərinə görə, dövlət qulluğuna bacarıqlı, bilikli, şəxsi keyfiyyətləri yüksək olan insanlar qəbul edilməlidir. Dövlət qulluğuna qəbul müsabiqə yolu ilə həyata keçirilir.

Komissiya sədri qulluğa qəbulla bağlı keçirilən test imtahanlarında əsaslı yeniliklər edildiyini, imtahanların kompüter vasitəsilə aparıldığını bildirib.

Həmçinin, test imtahanlarında ixtisas sualları götürülüb və onun əvəzinə, namizədin ümumi dünyagörüşünü müəyyən edən suallar daxil edilib.

"Müsahibə zamanı namizədin təhlil aparmaq, qərar vermək bacarığının olmaması ortaya çıxırdı. Ona görə də ixtisas sualları götürüldü", - Xəlilov vurğulayıb.

Dövlət İdarəçilik Akademiyasının rektoru Seyfəddin Qəndilov Azərbaycanda bayram kimi qeyd olunan dövlət qulluqçularının peşə bayramı gününün vacibliyindən də danışıb.

O, Azərbaycanda dövlət qulluğu sahəsində zəngin təcrübənin olduğunu, dövlət qulluğu sisteminin möhkəm hüquqi bazasının, dövlət qulluğunun əsas prinsiplərinin Ümummilli lider Heydər Əliyev tərəfindən yaradıldığını qeyd edib.

Azərbaycan Prezidenti İlham Əliyevin 25 may 2006-cı il tarixli sərəncamı ilə iyunun 23-ü dövlət qulluqçularının peşə bayramı günü kimi təsis edilib.

Xəbər lenti

Xəbər lenti