Azərbaycan, Bakı, 12 avqust /Trend, müxbir T. Hacıyev/
Azərbaycan Konstitusiyasının şəxsi toxunulmazlıq hüququ ilə bağlı maddəsini jurnalistlərin peşə davranış qaydalarına tətbiq etmək lazımdır, - Trend-in məlumatına görə, bu barədə Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov ATƏT-in Bakı ofisi ilə cümə axşamı birgə keçirilən jurnalistlərin peşə davranış qaydalarının təkmilləşdirilməsinə həsr olunan "dəyirmi masa"da bildirib.
"Azərbaycanda jurnalistin hansı məqamda çəkiliş apara bilməsi və hansı məqamda çəkilişi dayandırması müəyyənləşdirilməlidir", - Amaşov bildirib.
Onun sözlərinə görə, bu və ya digər məsələlərlə bağlı peşə davranış qaydalarında dəyişiklik edilməsi təklif olunur.
Amaşov bildirib ki, Mətbuat Şurasının ictimai fəaliyyətini genişləndirmək və cəmiyyətdə MŞ-ya olan etimadı artırmaq üçün yeni bir mexanizm yaradılmalıdır.
"Biz belə bir mexanizm yaratmaq istəyirik ki, mətbuatla vətəndaş arasında problem yaranarkən onlar, ilk növbədə, MŞ-ya müraciət etsinlər. Bu, çox vacibdir. Əlbəttə, vətəndaşın məhkəməyə müraciət etmək hüququ var. Lakin MŞ-da vətəndaşın şikayəti həll olunmasa, vətəndaş məhkəməyə müraciət etsin", - Amaşov bildirib.
"Hazırda əsas məqsəd Mətbuat Şurasının Azərbaycanda bütün mətbuatı birləşdirən qurum halına gəlməsini təmin etməkdir", - bunu isə tədbirdə çıxışı zamanı ATƏT-in Bakı ofisinin rəhbəri Əli Bilgə Cankorel bildirib.
Cankorelin sözlərinə görə, Mətbuat Şurası mövcud olan kodeksini digər ölkələrdəki kodekslərə uyğun olan bir şəkildə formalaşdırmalıdır.
"Bundan əlavə, ATƏT-in Bakı ofisi diffamasiya haqqında qanunun qəbul olunması ilə bağlı fəaliyyət göstərir. Hər iki məsələ ilə bağlı sentyabr ayında ATƏT-in media təmsilçisi Miyatoviç Azərbaycana səfər edəcək və Bakıda keçiriləcək beynəlxalq konfransda iştirak edəcək", - o bildirib.