...

Hava limanında vizaların verilmə qaydalarının dəyişməsi miqrasiyanın tənzimlənməsinə yönələn tədbirlərdən yalnız biridir – Azərbaycan Prezidenti Administrasiyasının şöbə müdiri (MÜSAHİBƏ)

Cəmiyyət Materials 22 Oktyabr 2010 12:08 (UTC +04:00)
Hava limanında vizaların verilmə qaydalarının dəyişməsi miqrasiyanın tənzimlənməsinə yönələn tədbirlərdən yalnız biridir – Azərbaycan Prezidenti Administrasiyasının şöbə müdiri
Hava limanında vizaların verilmə qaydalarının dəyişməsi miqrasiyanın tənzimlənməsinə yönələn tədbirlərdən yalnız biridir – Azərbaycan Prezidenti Administrasiyasının şöbə müdiri (MÜSAHİBƏ)

Azərbaycan, Bakı, 22 oktyabr /Trend, müxbir E.Hüseynli/

Trend-in Azərbaycan Prezidenti Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərovla müsahibəsi

- Son günlər miqrasiya ilə bağlı bəzi məsələlər, xüsusən də Bakı hava limanında vizaların verilmə qaydalarına edilən dəyişikliklər ictimaiyyətdə və mətbuatda kifayət qədər fəal müzakirə olunur. Bu mövzuya maraq başa düşüləndir və əlavə məlumat faydalı olardı.

- Məsələ ondadır ki, miqrasiya prosesləri təkcə ölkəmizdə deyil, eləcə də bütün dünyada böyük maraq doğurur. Son vaxtlar əhalinin qlobal səviyyədə mobilliyi artıb və miqrasiya axınları ayrı-ayrı dövlətlərdə və regionlarda sosial vəziyyətə təsir edən ciddi faktorlardan biridir. Bu, həm müsbət, həm də mənfi nəticələri olan çoxcəhətli təzahürdür.
Bir çox miqrasiya axınları ölkəmizdən gəlib keçir. Bu baxımdan Azərbaycanın vəziyyəti hətta digər Cənubi Qafqaz ölkələrinin vəziyyətindən çox fərqlidir. Buna görə də biz miqrasiya proseslərini  diqqətlə təhlil etməli və bu prosesləri ölkəmizin rifahı naminə yönəltmək, eləcə də onların məfni nəticələrini minimallaşdırmaq üçün əlimizdən gələni etməliyik. Bu, Azərbaycanın Milli Təhlükəsizlik Konsepsiyasında və digər konseptual sənədlərində öz əksini tapan strateji vəzifələrdir. Və buna görə də ölkəmizdə miqrasiyanın tənzimlənməsi sahəsində ciddi iş görülür.

- Hava limanımızda vizaların verilmə qaydalarının dəyişdirilməsi bu işin bir hissəsidirmi?

- Sözsüz. Bu vacib addımdır, lakin miqrasiyanın tənzimlənməsinə yönələn tədbirlərdən yalnız biridir və bunu məhz bu mənada başa düşmək lazımdır. Mən bu məsələ ilə bağlı müsahibələrimdə artıq qeyd etmişəm ki, bu dəyişikliklər qanunsuz miqrasiyanın, eləcə də terrorçuluq və digər qanunsuz fəaliyyət növlərinin qarşısını daha səmərəli surətdə almağa imkan verəcək. Lakin yalnız aeroportda vizaların verilmə qaydasının dəyişdirilməsinin ölkəmizə qanunsuz miqrantların və kriminal elementlərin gəlməsinin qarşısını alacağını fikirləşmək sadəlöhvlük olardı. Lakin bu, digər mexanizmlərlə birlikdə qanun pozucuları ilə mübarizənin effektivliyini artıracaq əlavə mexanizmdir. Biz bu məsələlərə realistcəsinə yanaşırıq və miqrasiyanın tənzimlənməsi və beynəlxalq mütəşəkkil cinayətkarlığın qarşısının alınması sahəsində hərtərəfli sistemli yanaşmanı tətbiq edirik.

- Son müsahibələrinizin birində demişdiniz ki, Azərbaycana gələn təxminən 1,5 milyon nəfərdən ölkədə yalnız 12 mini qalıb. Belə statistika vizaların rəsmiləşdirilməsi qaydasına dəyişikliklər etməyə əsas verirmi?

- Söhbət 12 min əcnəbidən deyil, 2010-cu ilin doqquz ayı ərzində ölkəmizdə qalan təxminən 120 min nəfərdən gedir. Bu isə böyük rəqəmdir. Yəqin səhv dərc edilib. Halbuki dərc edilən müsahibədə buraxılan səhv əsasında digər məqalə müəllifi səhvən hava limanında vizaların verilmə qaydalarının dəyişdirilməsinə heç bir ehtiyacın olmadığı qənaətinə gəlib.
Lakin mübahisəedilməz faktdır ki, prevensiya və vaxtında görülən profilaktik işlər istənilən sahədə, o cümlədən qanunsuz miqrasiya və beynəlxalq cinayətkarlığın qarşısının alınması sahəsində tədbirlərin effektivliyini artırır. Bunu həm Avropada, həm ABŞ-da, həm də giriş vizalarının alınması ilə bağlı müraciətlərə baxılan zaman ciddi yoxlanış prosedurlarının olduğu digər ölkələrdə də gözəl başa düşürlər.
Bununla əlaqədar belə bir fikirlə razılaşmaq olmaz ki, xeyli sayda insan "bütün mümkün yollarla" iqtisadi cəhətdən inkişaf etmiş və sosial baxımdan firavan Avropa ölkələrinə getməyə səy göstərdiyi üçün Avropa İttifaqı ölkələrinin həyata keçirdikləri viza rejimi özünü doğruldur, Azərbaycanda vizaların verilmə qaydalarının dəyişdirilməsi isə özünü doğrultmur, çünki qanunsuz miqrantların əsas axını Avropadan deyil, bizimlə vizasız rejimin qüvvədə olduğu ölkələrdən gəlir.
 
Hər şeydən əvvəl vizaların rəsmiləşdirilməsi qaydasına bu yaxınlarda edilən dəyişikliklər nə Avropadan gələn şəxslərə, nə də ümumiyyətlə heç kəsə qarşı yönəlməyib. Onlar Azərbaycanın milli maraqlarının təmin olunmasına yönəlib. Xatırladım ki, Bakı aeroportunda vizaları təkcə Avropa dövlətlərinin vətəndaşları deyil, eləcə də digər ölkələrin vətəndaşları alırdılar. Belə bir misal çəkim. Cari ilin doqquz ayı ərzində Azərbaycana 1306 Pakistan vətəndaşı gəlib. Onların 619 nəfəri ölkəmizdə qalıb. Elə həmin doqquz ay ərzində ölkədən 422 pakistanlı deportasiya edilib: yalnız bir gün ərzində - oktyabrın 20-də miqrasiya qanunvericiliyinin pozulmasına görə Azərbaycandan üç Pakistan vətəndaşı deportasiya edilib. Belə misallar çoxdur.
İndi, Azərbaycanın səfirlik və konsulluqlarının vizaların rəsmiləşdirilməsi prosesində rolunun artdığı bir məqamda bu növ hadisələrin çoxundan yayınmaq mümkün olacaq. Xatırladım ki, hazırda bizim fəaliyyəti bütün vacib istiqamətləri - Avropa, Şimali və Cənubi Amerika, Asiya və Afrikanı əhatə edən 59 səfirlik və 12 konsulluğumuz var.

- Bəs bizim vizasız rejimin qüvvədə olduğu istiqamətlərdə vəziyyət necədir? MDB və Orta Asiya ölkələri nəzərdə tutulur.

- Qeyd olunan ölkələrlə vizasız rejimin qüvvədə olması heç də o demək deyil ki, bu istiqamətlər üzrə miqrasiya prosesləri tənzimlənmir. Azərbaycanda əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin qalmasına uçot və nəzarət sistemi fəaliyyət göstərir. Bu sistem çərçivəsində "Giriş-çıxış və qeydiyyat" İdarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi (İAMAS), eləcə də miqrasiya sahəsində vahid informasiya sistemi fəaliyyət göstərir. Bu iki sistem qarşlıqlı inteqrasiya edilib. Şəxs ölkəyə gələn kimi onun pasport məlumatları, gəldiyi ölkə, giriş qaydası (vizalı və ya vizasız), Azərbaycandan nəzərdə tutulan getmə tarixi və digər müvafiq informasiya İAMAS-da qeyd olunur. Qanunda əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin qalma müddəti də müəyyənləşdirilib. Azərbaycana viza alınmasını tələb etməyən qaydada gələn şəxslərin qalma müddəti 90 günlə məhdudlaşdırılıb. Bu müddət başa çatanda həmin şəxslər ölkəni tərk etməli və ya bundan sonra da qalmaq üçün müvafiq icazə almalıdırlar. Ölkəyə 30 gündən artıq müddətə gələn əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər 3 gün ərzində yaşayış yeri üzrə daxili işlər orqanlarında qeydiyyatdan keçməlidirlər. Bu qaydaları pozanlara qarşı deportasiya daxil olmaqla, qanunda nəzərdə tutulan sanksiyalar tətbiq edilir.
Mən dövlətmizin və vətəndaşlarmızın maraqları ilə bağlı olan daha bir əhəmiyyətli faktı qeyd etmək istəyirəm. Məsələ ondadır ki, Azərbaycan ilə digər ölkələr arasında vizasız rejim haqqında mövcud olan sazişlər qarşılılıq prinsipi əsasında bağlanıb. Bu o deməkdir ki, bizim vətəndaşlarımız da belə saziş imzaladığımız ölkələrə gedə bilərlər.
Bunu 2003-cü il 4 noyabr tarixində təsdiq edilən "Azərbaycan Respublikasının Hökuməti və Türkiyə Respublikasının Hökuməti arasında qarşılıqlı viza tətbiqi haqqında" Saziş barədə də demək olar. Bu gün bizim aeroportda vizaların verilmə əsaslarından biri ölkələr arasında belə verilməni nəzərdə tutan beynəlxalq müqavilənin olmasıdır. Buna görə də Türkiyə vətəndaşları narahat olmamalıdrlar, onlar üçün Bakı aeroportunda vizaların alınma qaydası dəyişməz qalıb.
Lakin vətəndaşları əvvəllər Heydər Əliyev Beynəlxalq hava limanında viza ala bilən digər ölkələr ilə bağlı vəziyyət fərqlidir. Onlarla belə sazişlər imzalanmayıb, odur ki, vətəndaşlarımız bu ölkələrə vizaları adi qaydada, yəni bu ölkələrin Azərbaycanda akkreditə edilmiş səfirlikləri vasitəsilə almağa məcburdurlar. Ölkəmizdə səfirliyin olmadığı təqdirdə, qonşu ölkələrin müvafiq səfirliklərinə müraciət etmək lazım olur. Buna görə də ümid edirəm ki, Azərbaycanda vizaların rəsmiləşdirilməsi qaydalarının dəyişdirilməsi həmçinin digər ölkələrlə qarşılılıq prinsipi əsasında viza tənzimlənməsi sahəsində ikitərəfli müqavilənin bağlanmasına gətirib çıxaracaq.

- Miqrasiya proseslərinin tənzimlənməsi və ölkənin təhlükəsizliyinin təmin olunması məqsədlərindən savayı miqrasiya qanunvericiliyinə dəyişikliklər edilməsi üçün digər motivlər mövcuddurmu? Bu gün KİV-də fikirlər səslənilir ki, bu dəyişikliklər gələcək seçkilər, daha doğrusu ölkəyə beynəlxalq müşahidəçiləri buraxmamaqistəyi ilə bağlı ola bilər.

- Belə fikirlə heç cür razılaşa bilmərəm. Azərbaycan beynəlxalq təşkilatları öz müşahidəçilərini parlament seçkilərinə göndərməyə rəsmi olaraq dəvət edib. Onların bizim ölkəmizə daxil olmaları ilə əlaqədar heç bir problemləri yaranmayacaq. Hər hansı anlaşılmazlıqların yaranmamasından ötrü beynəlxalq təşkilatların özləri, habelə Azərbaycana reyslər həyata keçirən aviaşirkətlərin nümayəndəlikləri, digər maraqlı subyektlər ilə fəal iş aparılır.  

Dəyişikliklərin seçkiləri müşahidə etmək niyyətində olan QHT-lərin fəaliyyətinə və xarici KİV-lərin işinə mənfi təsir göstərəcəyinə dair fikrə gəlincə, qeyd etmək istəyirəm ki, miqrasiya qanunvericiliyinə dəyişikliklər 14 sentyabr tarixində, yəni seçkilərə az qala iki ay qalmış dərc olunmuşdur. Odur ki, arzusu olan hər kəsin Azərbaycan səfirliklərində viza əldə etmək üçün kifayət qədər vaxtı var idi. KİV-lərlə bağlı isə deməliyəm ki, bir çox xarici kütləvi informasiya vasitələri bizim ölkədə nümayəndəliklərə sahibdir və ya yerli tərəfdaşlarla razılaşmalar bağlayıblar və onların Azərbaycanda hadisələrin işıqlandırılması ilə bağlı çətinlikləri olmamalıdır.

Buna görə də mən əminəm ki, müzakirə etdiyimiz dəyişikliklər miqrasiya və təhlükəsizlik sahəsində vəziyyəti yalnız yaxşılaşdıracaq, daha çox nizamlayacaq və bizim ölkəmizə qanunla müəyyən edilmiş qaydada gəlmək istəyən şəxslər üçün heç bir mənfi nəticələrə səbəb olmayacaq.

Xəbər lenti

Xəbər lenti