...

Dünya Azərbaycanlı Gənclərin I Konqresinin keçirilmə vaxtı və yeri müəyyənləşib

Cəmiyyət Materials 28 Oktyabr 2010 16:30 (UTC +04:00)
Dünya Azərbaycanlı Gənclərin I Konqresi noyabrın 26-28-də Almaniyanın Frankfurt şəhərində keçiriləcək
Dünya Azərbaycanlı Gənclərin I Konqresinin keçirilmə vaxtı və yeri müəyyənləşib

Azərbaycan, Bakı, 28 oktyabr /Trend, müxbir M.Əliyev/

Dünya Azərbaycanlı Gənclərin I Konqresi noyabrın 26-28-də Almaniyanın Frankfurt şəhərində keçiriləcək. Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsinin cümə axşamı yaydığı məlumatda deyilir.

Konqresdə Azərbaycan həqiqətlərinin təbliği və diaspor quruculuğunda gənclərin fəaliyyəti, mədəniyyətlərarası dialoqun inkişafında gəncliyin rolu, xaricdə yaşayan azərbaycanlı gənclərin cəmiyyətə inteqrasiyası, insan hüquq və azadlıqlarının müdafiəsində gənclər təşkilatlarının fəaliyyəti və s. mövzularda panellər təşkil olunacaq. Konqresin yekununda Dünya Azərbaycanlı Gənclər Birliyinin (UWAY- The Union of World Azerbaijani Youth) yaradılması nəzərdə tutulub. Tədbir çərçivəsində "Virtual həftəsonu məktəbi"nin təqdimatı da olacaq.

Diasporla İş üzrə Dövlət Komitəsinin Gənclər və İdman Nazirliyi ilə birgə təşkil edəcəyi Konqres Azərbaycan Prezidentinin təsdiq etdiyi "Azərbaycan Gəncliyi Dövlət Proqramı"na uyğun olaraq keçiriləcək. Dünya Azərbaycanlı Gənclərin I Konqresinin təşkili xarici ölkələrdə yaşayan azərbaycanlı gənclərin diaspor quruculuğu işinə cəlb olunması, ictimai-siyasi fəallığının artırılması, Vətənlə əlaqələrinin möhkəmləndirilməsi məqsədi ilə keçirilir. Tədbirdə Azərbaycanın dövlət və hökumət nümayəndələrinin, millət vəkillərinin, Nazirlər Kabinetinin əməkdaşlarının, Azərbaycanın Rusiya, Fransa, Avstriya, Almaniya, Böyük Britaniya, İsveçrə və Türkiyədəki fövqəladə və səlahiyyətli səfirlərinin, ölkəmizin Avropa Şurası, TürkPA, İKT Gənclər Forumundakı nümayəndələrinin, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi təmsilçilərinin, Respublikadakı gənclər təşkilatları rəhbərlərinin, xarici ölkələrdəki diaspor təşkilatları sədrlərinin və fəal gənclərin, eləcə də xaricdə təhsil alan tələbələrin iştirakı planlaşdırılır.

Bununla yanaşı konqresə Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının - RAGT-nin (AMOR) boyük nümayəndə heyəti ilə qatılması nəzərdə tutulub.

RAGT Azərbaycan diasporunun mədəni həyatının inkişafında keyfiyyətcə yeni mərhələ, gənclərə doğru atılan cəsarətli addımdır. Bu layihədə təkcə diasporun həyatı deyil, Rusiyanın özünün gənclər siyasətinin bir sıra cəhətləri əhatə edilir. RAGT gənclərin vətəndaşlıq təşəbbüslərini əlaqələndirir. Hazırda RAGT Azərbaycandan kənarda ən fəal gənclər təşkilatıdır.

Xəbər lenti

Xəbər lenti