...

Azərbaycan Ədliyyə Nazirliyində məhkəmə aktlarının icra edilməməsi ilə bağlı cinayət işləri üstünlük təşkil edir

Cəmiyyət Materials 19 Noyabr 2010 09:00 (UTC +04:00)
Azərbaycan Ədliyyə Nazirliyinin İstintaq İdarəsində bu ilin 10 ayı ərzində 190-na yaxın cinayət işinin istintaqı aparılıb. Bu barədə cümə axşamı Trend-ə müsahibəsində Ədliyyə Nazirliyinin İstintaq İdarəsinin müstəntiqi, I dərəcəli ədliyyə qulluqçusu Zaur Əliyev bildirib.
Azərbaycan Ədliyyə Nazirliyində məhkəmə aktlarının icra edilməməsi ilə bağlı cinayət işləri üstünlük təşkil edir

Azərbaycan, Bakı, 18 noyabr /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycan Ədliyyə Nazirliyinin İstintaq İdarəsində bu ilin 10 ayı ərzində 190-na yaxın cinayət işinin istintaqı aparılıb. Bu barədə cümə axşamı Trend-ə müsahibəsində Ədliyyə Nazirliyinin İstintaq İdarəsinin müstəntiqi, I dərəcəli ədliyyə qulluqçusu Zaur Əliyev bildirib.

"İdarədə araşdırılan cinayət işlərinin əksəriyyətini məhkəmənin qanuni qüvvəyə minmiş qərarının qərəzli olaraq icra edilməməsi (CM-nin 196-cı və 306-cı maddələri) və penitensiar müəssisələrdə qadağan edilmiş əşyaların qanunsuz dövriyyəsi ilə bağlı olan (CM-nin 317-1.1-ci və 317-2-ci maddələri) işlər təşkil edir", - müstəntiq deyib.

Onun sözlərinə görə, icraatda olan işlərdən 90-dan artıq iş məhkəmə qərarlarının icra edilməməsi ilə əlaqədardır.

Bu qəbildən olan işlərin sayının çoxluğunu təbii hal kimi qiymətləndirən müstəntiq qeyd edib ki, məhkəmənin qanuni qüvvədə olan qərarının icrası hər bir vətəndaş, vəzifəli şəxs, hüquqi şəxs, habelə dövlət orqanı üçün məcburi olduğu halda, bəzən vətəndaşlar buna ciddi yanaşmır, laqeyd münasibət göstərirlər.

"Bu da təbiidir. Çünki mövcud ictimai-iqtisadi münasibətlər zəminində fiziki və hüquqi şəxslər arasında yaranan öhdəliklərin, xüsusilə də pul və əmlak tələblərinin yerinə yetirilməməsi sonda məhkəmə mübahisəsi ilə nəticələnir və həmin orqan dövlətin adından müvafiq qərar çıxararaq onu icraya yönəldir. Əslində dövlətin adından çıxarılan qərara, ədalət mühakiməsinin nüfuzuna belə münasibət bütövlükdə cəmiyyətin problemidir. Bu problemin aradan qaldırılması işində ən böyük məsuliyyət ədliyyə orqanları əməkdaşlarının üzərinə düşür", - Əliyev bildirib.

Onun sözlərinə görə, sözügedən məsələnin hüquqi əsası Konstitusiyada müəyyən olunub. Konstitusiyanın 129-cu maddəsinə görə, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir.

"2009-cu ilin mart ayının 18-də keçirilən referendumla həmin maddəyə "Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur" müddəası əlavə edilərək məsuliyyət məsələsi konstitusion səviyyəyə qaldırılıb", - İdarə rəsmisi qeyd edib.

Müstəntiq bildirib ki, bu ilin iyul ayının 17-də Cinayət Məcəlləsinin 196 və 306-cı maddələrinə edilən dəyişikliklərlə bu xarakterli cinayətlərə görə tətbiq olunan cəza tədbirləri də sərtləşdirilib.

Belə ki, kreditor borcunu ödəməkdən qəsdən yayınmaqla zərər çəkmiş şəxsə xeyli miqdarda ziyanvurma və qanuni qüvvəyə minmiş məhkəmə aktlarını qərəzli olaraq icra etməmə və ya onların icrasına maneçilik törətmə cinayətlərinə görə azadlıqdan məhrumetmə cəzasının yuxarı həddi əvvəllər 2 il idisə, hazırda bu müddət 3 ilədək qaldırılıb.

Hər iki əməl böyük ictimai təhlükə törətməyən cinayət dərəcəsindən az ağır cinayət dərəcəsinə yüksəldilib.

Müstəntiq vurğulayıb ki, məhkəmənin icra sənədi üzrə borclu olan şəxslər qanun qarşısında özlərinin məsuliyyətini başa düşməli, bu xarakterli məsələlərdə hərəkətlərinə kifayət qədər ehtiyatla yanaşmalıdırlar.

"Ədliyyə Nazirliyi bu istiqamətdə aidiyyəti qurumları vasitəsilə vətəndaşlar arasında mütəmadi olaraq hüquqi maarifləndirmə işi aparır. Təcrübə göstərir ki, vətəndaşlarla ciddi maarifləndirmə işi aparmaqla törətdikləri əməlin mahiyyətini, cinayət məsuliyyətinin hüquqi nəticələrini onlara izah etdikdə məhkəmənin aktını bir çox hallarda icra edirlər. Bu yolla İstintaq İdarəsində xeyli şəxs tərəfindən məhkəmə qərarlarının icrası təmin olunaraq başlanılmış cinayət təqibinə xitam verilib", - Əliyev bildirib.

İdarə rəsmisinin sözlərinə görə, bu ilin 10 ayında istintaqı tamamlanmış cinayət işləri üzrə fiziki və hüquqi şəxslərə vurulmuş təxminən 1 milyon 200 min manat məbləğində ziyandan 800 min manatdan çox (66%-dən artıq) istintaqın gedişində ödətdirilib.

Nazirliyin struktur qurumu olan İstintaq İdarəsinin isə 10 yaşı tamam olur. Belə ki, İdarə rəsmən 2000-ci ildə yaradılmış və bu günədək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin aidiyyəti maddələri üzrə ibtidai istintaqın aparılmasını təmin edir.

Müstəntiq Əliyevin sözlərinə görə, hesabat dövründə penitensiar müəssisələrdə qadağan edilmiş əşyaların qanunsuz dövriyyəsi ilə bağlı (Cinayət Məcəlləsinin 317-1.1 və 317-2-ci maddələri) 50-yə qədər cinayət işi başlanılıb.

Müstəntiq bildirib ki, qanunvericiliyin sərtləşdirilməsi və görülmüş tədbirlər nəticəsində 3 ilə yaxın müddətdə bu xarakterli işlərin sayında əhəmiyyətli dərəcədə azalma olub.

"2007-ci ilin sonunadək həmin hüquq pozuntusuna görə məsuliyyət İnzibati Xətalar Məcəlləsi ilə nəzərdə tutulurdu, lakin qeyd edilən hərəkətlər cinayət sayıldıqdan sonra həbsdə olan təqsirləndirilən şəxslər, məhkumlar, onların qohumları və görüşə gələn yaxınları ilə bu istiqamətdə ciddi maarifləndirmə işi aparılıb. Bununla yanaşı, qadağan olunmuş əşyaların qanunsuz dövriyyəsi faktları aşkar edildikdə cinayət təqibi başlanılıb və ciddi tədbirlər görülüb. Bu, bir tərəfdən təkrar məhkumluqların qarşısını alır, digər tərəfdən penitensiar müəssisələrin normal fəaliyyətinin təmin edilməsinə müsbət təsir göstərir", - Əliyev bildirib.

Ədliyyə Nazirliyinin İstintaq İdarəsi 2000-ci ildə yaradılıb. İdarə Cinayət Məcəlləsinin aidiyyəti maddələri üzrə ibtidai istintaqın aparılmasını təmin edir.

İstintaq İdarəsinin müstəntiqi bildirib ki, qanunvericiliyə görə Cinayət Məcəlləsinin 196-cı (kreditor borclarını ödəməkdən qəsdən yayınma), 289-cu (məhkəməyə hörmətsizlik etmə), 303-cü (siyahıya alınmış və üzərinə həbs qoyulmuş, yaxud müsadirə olunmalı əmlak barəsində qanunsuz hərəkətlər), 305-ci (azadlıqdan məhrumetmə növündə cəza çəkməkdən boyun qaçırma), 306-cı (məhkəmənin hökmünü, qərarını, yaxud digər aktını icra etməmə), 317-1.1-ci (cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxslərə qadağan olunmuş əşyaların verilməsi və ya ötürülməsi) və 317-2.-ci (cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxs tərəfindən qadağan olunmuş əşyaların hazırlanması, saxlanılması, gəzdirilməsi, daşınması və ya istifadəsi) maddələrində nəzərdə tutulmuş cinayətlərə dair ibtidai istintaqın aparılması Ədliyyə Nazirliyinin səlahiyyətindədir.

Xəbər lenti

Xəbər lenti