Azərbaycan, Bakı, 12 dekabr /Trend, müxbir T.Hacıyev/
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi hesab edir ki, Azərbaycan ailələrində boşanma hallarının qarşısını almaq üçün maarifləndirməyə ehtiyac var.
"Azərbaycan ailəsində boşanma halları azalıb. Ancaq boşanma halları yenə var və bunun qarşısını almaq üçün daha çox maarifləndirməyə ehtiyac var" bunu bazar günü Trend-ə açıqlamasında Dövlət Komitəsinin sədri Hicran Hüseynova bildirib.
Ailədə söz-söhbətin, kişi ilə qadının yola getməməsinin nəticəsi olaraq təkcə ötən il 9 min boşanma qeydə alınıb. Bağlanan nikahlar isə 90 min olub. Rəsmi statistikaya görə, boşananların çoxu yeni ailə quranlardır. Boşananların yarıdan çoxu isə uşaqlı ailələr olub.
Hüseynova bildirib ki, qloballaşan dünyanın bütün təsirləri Azərbaycan ailəsinə də təsirini göstərir.
"Ailə planlaşdırma problemləri ilə bağlı tədqiqatı təşkil etmişik. Ayın sonunda təqdimatını edəcəyik. Onda da göstərəcəyik ki, hansı istiqamətdə işimizi görməliyik. Niyə indiki dövrdə boşanma halları var. Ailədə yaşlı, orta və cavan nəsllər arasında olan münaqişələr bunlar hamısı tədqiqat işinin mövzusu olub" Hüseynova deyib.