RED. əlav.: Son iki abzas əlavə edilib.
Azərbaycan, Bakı, 16 dekabr /Trend, müxbir M.Əliyev/
Azərbaycan hökuməti yaxın günlərdə təbii fəlakətdən ziyan çəkənlərə əlavə kompensasiyalar verəcək.
"Yaxın günlərdə Azərbaycan hökuməti bu ilin yazında təbii fəlakətdən ziyan çəkənlərə əlavə kompensasiyalar verəcək", - cümə axşamı FHN-in yaradılmasının beş illiyinə həsr olunan tədbirdə nazir Kəmaləddin Heydərov bildirib.
"Təbii fəlakət nəticəsində evlərinə ziyan dəymiş 7 min ailəyə 6 milyon 419 min manat məbləğində maddi yardım hesablanaraq ödənilib. Hazırda təqdim olunmuş aktlara əsasən, yüzlərlə ailəyə veriləcək yardımın miqdarı hesablanır və yaxın günlərdə ödənişin həyata keçirilməsi nəzərdə tutulub", - Heydərov bildirib.
2010-cu il mayın 7-də fasiləsiz yağan yağışlar, Kür və Araz çaylarındakı daşqınlar nəticəsində Sabirabad rayonu və Şirvan şəhərinin Bayramlı qəsəbəsi ərazisində iki istiqamətdə Kürdəki bəndlər dağılıb. Sabirabad rayonunun bəzi əraziləri və Şirvan şəhərinin Bayramlı qəsəbəsi su altında qalıb.
Heydərov bildirib ki, mayda Kür, Araz çaylarında baş vermiş daşqınlardan zərər çəkmiş rayonlarda oktyabrın 1-nə 1 556 fərdi yaşayış evi tikilib istifadəyə verilib. Sabirabadda 473, İmişlidə 491, Kürdəmirdə 122, Salyanda 80, Hacıqabulda 44, Saatlıda 271, Zərdabda 51, Neftçala rayonunda isə 24 fərdi yaşayış evi tikilib.
Nazirin sözlərinə görə, evlərin tikintisi ilə yanaşı, həmin rayonlarda zəruri sosial və infrastruktur obyektlərinin tikintisi də sürətlə aparılır. Saatlı rayonunda 132, Kürdəmirdə 475 və 75, İmişlidə 132 və 100 yerlik, cəmi 914 şagird yerlik məktəb binaları tikilib istifadəyə verilib.