...

BMT İnkişaf Proqramı Azərbaycanın sığorta-pensiya sistemini birinci yerə layiq görüb

Cəmiyyət Materials 20 Dekabr 2010 15:13 (UTC +04:00)
BMT İnkişaf Proqramının Avropa və MDB üzrə regional bürosu Azərbaycanda qurulan müasir sığorta-pensiya sisteminin və bu sahədə davam etdirilən islahatların birinci yerə layiq görüldüyünü açıqlayıb.
BMT İnkişaf Proqramı Azərbaycanın sığorta-pensiya sistemini birinci yerə layiq görüb

Azərbaycan, Bakı, 20 dekabr /Trend, müxbir T.Hacıyev/

BMT İnkişaf Proqramının Avropa və MDB üzrə regional bürosu Azərbaycanda qurulan müasir sığorta-pensiya sisteminin və bu sahədə davam etdirilən islahatların birinci yerə layiq görüldüyünü açıqlayıb.

Bu barədə bazar ertəsi Dövlət Sosial Müdafiə Fondunun (DSMF) ictimaiyyətlə əlaqələr sektoru məlumat yayıb.

Məlumata görə, BMT İnkişaf Proqramının Nyu-Yorkda yerləşən Baş qərargahı Avropa və MDB ölkələrinin sığorta-pensiya sistemlərində son illər həyata keçirilən islahatları təhlil edərək, ölkəmizin sığorta-pensiya sistemindəki islahatları özündə əks etdirən "Azərbaycan - dəyişikliyin tarixçəsi. Effektiv pensiya sisteminin qurulması" başlıqlı şərhində Azərbaycanın bu sahədə həyata keçirdiyi islahatların həcminə, müddətinə və digər parametrlərinə görə daha üstün olduğunu bildirib.

Ölkəmizdə qısa müddət ərzində yeni, bazar iqtisadiyyatı prinsiplərinə əsaslanan, aydın başa düşülən, şəffaf, ədalət prinsiplərini əsas götürən, müasir tələblərə cavab verən sosial sığorta-pensiya sistemi qurulduğu qeyd olunub, bu sistemin bir sıra ölkələr üçün model rolu oynadığı vurğulanıb.

Hazırda ölkə üzrə pensiyaçıların 98,8 faizinin pensiyaları plastik kartlarla ödənilir ki, bu da dünya miqyasında böyük nailiyyətdir. Pensiyaların hesablanması mexanizmlərinin sadələşdirilməsi və onların əhali üçün asan başa düşülən və şəffaf edilməsi insanların sosial sığorta-pensiya sisteminə inamını daha da artırıb. Sosial sığorta-pensiya sahəsində həyata keçirilən islahatlar nəticəsində Azərbaycanda qısa müddət ərzində pensiyaların minimum məbləği 3,4 dəfə, orta aylıq məbləği isə 4 dəfə artıb. DSMF-nin 70-dən yuxarı şöbəsində müasir infrastruktur yaradılıb, maddi-texniki baza və kadr potensialı gücləndirilib, bütün işçilər müasir kompüterlərlə təmin edilib. DSMF-nin bütün şöbələri müxtəlif növ proqram təminatı ilə təmin olunub və hazırda əksər işlər kompüter sistemləri vasitəsi ilə aparılır. Görülən işlərin nəticəsində DSMF-də unikal elektron məlumat bazası yaradılıb ki, bu da işi keyfiyyətcə daha yüksək səviyyəyə qaldırır.

Məlumata görə, hazırda Azərbaycanda pensiyaların təyinatının avtomatlaşdırılması sahəsində işlər sürətlə aparılır və prosesin başa çatdırılması ilə tam şəffaf sığorta-pensiya sisteminin fəaliyyəti təmin olunacaq.

Xəbər lenti

Xəbər lenti