...

Azərbaycanda qadınların hakimiyyətdə təmsil olunma statistikası açıqlanıb

Cəmiyyət Materials 14 Yanvar 2011 15:25 (UTC +04:00)
Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsindən cümə günü Trend-ə verilən məlumata görə, Azərbaycanda nazir qadın olmasa da, Təhsil, Səhiyyə, Mədəniyyət və Turizm, İqtisadi İnkişaf nazirliklərində nazir müavinləri qadınlardır.
Azərbaycanda qadınların hakimiyyətdə təmsil olunma statistikası açıqlanıb

Azərbaycan, Bakı, 14 yanvar /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanda qadınların hakimiyyətdə təmsil olunma statistikası açıqlanıb.

Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsindən cümə günü Trend-ə verilən məlumata görə, Azərbaycanda nazir qadın olmasa da, Təhsil, Səhiyyə, Mədəniyyət və Turizm, İqtisadi İnkişaf nazirliklərində nazir müavinləri qadınlardır.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri və iki müavini qadındır.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri, İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) qadındır.

Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinin sədr müavini, Muxtar Respublikanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) də xanımdır.

Azərbaycanda hakimlərin 14 faizini qadınlar təşkil edir. Konstitusiya Məhkəməsinin sədr müavini, Ali Məhkəmənin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının sədri də qadındır.

Azərbaycanda qadınların ictimai-siyasi həyatda, qərar qəbuletmədə təmsilçilik səviyyəsi də əvvəlki illərlə müqayisədə artıb. Belə ki, 2010-cu il parlament seçkilərinin nəticələrinə əsasən 125 deputat yerindən 20-sinə qadın seçilib.

Komitənin məlumatına görə, bələdiyyə sədrlərinin 17,7 faizi (302 nəfər), üzvlərinin isə 26,5 faizi (4137 nəfər) qadınlardır.

Respublikanın 85 rayonunun icra hakimi müavinlərinin 35-ni qadınlar təşkil edir.

Daxili İşlər Nazirliyinin məlumatına görə, daxili işlər orqanlarında xidmət edən əməkdaşların 3,5 faizini zərif cinsin nümayəndələri təşkil edir. Daxili işlər orqanlarının xanım əməkdaşları əsasən, katiblik, kadr, pasport, maliyyə, tibb, statistik informasiya, informasiya kommunikasiyası, mətbuat təhqiqatı, yetkinlik yaşına çatmayanlarla profilaktiki işin təşkili, "102" və "təhlükəsiz şəhər" xidmətləri istiqamətində çalışırlar. Bu sistemdə pasport, maliyyə, tibb, statistika, kadr, mətbuat xidmətləri və təhsil sahəsi üzrə rəhbər vəzifələrdə, ümumilikdə, 22 xanım əməkdaş xidmət edir.

Vəkillər Kollegiyasının 778 üzvündən 130-a yaxını qadındır.

Azərbaycanda hüquq-mühafizə orqanları sistemində qadınların ən çox təmsil olunduğu qurum Ədliyyə Nazirliyidir.

Nazirliyin ötən il verdiyi məlumata görə, ədliyyə orqanlarında 870-dən artıq xanım çalışır. Onlardan 90-a yaxını rəhbər vəzifələrdədir. Vəzifədə olanlar arasında Vətəndaşlıq Vəziyyəti Aktlarının Qeydiyyatı şöbələrinin rəisləri, notariuslar, şöbə rəisləri də var.

BMT-nin "Dünya qadınları 2010-cu ildə: tendensiyalar və statistika" adlı hesabatında qeyd olunub ki, dünyada 14 qadın prezident və baş nazir var, ən böyük 500 korporasiyadan 13-nə qadınlar rəhbərlik edir.

Niderland, İsveç, İslandiya və Finlandiyada parlament üzvlərinin 40-43 faizi qadınlardır. Dünyanın yalnız 23 ölkəsində qadınların parlamentdə təmsil olunma səviyyəsini 30 faizə çatdırmaq mümkün olub.

Cənubi Qafqazda qadınların parlamentdə təmsil olunmasına görə ən yüksək göstərici Azərbaycandadır. Azərbaycanda Milli Məclisinin üçüncü çağırışının üzvlərinin 11 faizi qadın olub. Gürcüstanda bu göstərici 6 faiz, Ermənistanda isə 8 faizdir.

Xəbər lenti

Xəbər lenti