Azərbaycan, Bakı, 1 fevral /Trend, müxbir M.Əliyev/
Azərbaycanda fevralın 2-də Ümumdünya Su-bataqlıq Əraziləri Günü qeyd olunacaq. Trend-in məlumatına görə, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən çərşənbə axşamı bildiriblər.
BMT tərəfindən 2011-ci il "Beynəlxalq Meşələr İli" elan edildiyindən, cari ildə Ümumdünya Su-bataqlıq Əraziləri Gününün "Bataqlıqlar və Meşələr" mövzusu üzrə qeyd edilməsi nəzərdə tutulub.
Azərbaycan Respublikasında ümumi sahəsi 200 min hektardan artıq olan su-bataqlıq əraziləri mövcuddur. Respublikamızda sahəsi 1000 hektardan böyük olan su-bataqlıq sahələrinin sayı 17-yə yaxındır (Böyük və Kiçik Qızılağac körfəzləri, Ağ göl, Mahmudçala, Hacıqabul gölü, Kür çayının deltası, Sarısu, Xəzər sahili boyu ərazilər və s.). Həmin ərazilərə qışlama və köç mövsümündə 100 minlərlə müxtəlif quş növləri toplanır.
1971-ci il 2 fevral tarixində İranın Ramsar şəhərində "Əsasən su quşlarının yaşama yerləri kimi beynəlxalq əhəmiyyəti olan su-bataqlıq yerləri haqqında" Ramsar Konvensiyası imzalanıb. Konvensiya Azərbaycan tərəfindən 2001-ci il 18 iyul tarixində ratifikasiya edilib.
Ağ göl, Böyük və Kiçik Qızılağac körfəzləri mühüm su-bataqlıq əraziləri kimi 2001-ci il 25 may tarixindən Ramsar Konvensiyasının "Ramsar Siyahısı"na daxil edilib və hazırda digər böyük su-bataqlıq ərazilərinin də bu siyahıya salınması nəzərdə tutulur.