Azərbaycan, Bakı, 3 mart /Trend, müxbir K.Zərbalıyeva/
"Yol hərəkəti" haqqında qanuna əlavələr və dəyişikliklər edilməsi haqqında qanun layihəsi cümə günü Milli Məclisin növbəti iclasında müzakirə olunacaq.
Milli Məclisdən Trend-ə verilən məlumata görə, dəyişikliklər nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasının (VMİS) təmin edilməsini nəzərdə tutur.
Təklif olunan dəyişikliyə görə, qanun nəqliyyat vasitələrinin sürücülərini "İcbari sığorta haqqında" qanuna uyğun olaraq, öz avtomobillərini sığorta etməyə məcbur edir.
Avtomobil sahibləri avtomobillərini texniki baxışdan keçirərkən, həmçinin Yol Patrul Xidmətinin müfəttişi tələb etdikdə nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası haqqında müqavilənin bağlanmasını təsdiq edən sığorta şəhadətnaməsini təqdim etməlidirlər.
Digər dəyişikliyə görə, nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası qanunvericiliyinə uyğun olaraq, sığorta etdirilməyən nəqliyyat vasitələri yol hərəkətində iştirak etməyə buraxılmayacaq.